10 Aprel 2020 10:42
2 358
12 Punto 14 Punto 16 Punto 18 Punto

“OPEK+ formatının gözlənilən toplantısı baş tutsa da neftin qiyməti yenə də ucuzlaşdı”.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu deyib.

Ekspertin sözlərinə görə, OPEK+ formatının videokonfransından sonra aparıcı neft markalarından olan Brentin qiyməti hər barel üçün 3 faiz, WTI-nin qiyməti hər barel üçün 5 faiz ucuzlaşdı:

“Baxmayaraq ki, bu görüşdə gözlənildiyi kimi hasilatın aşağı salınmasına qərar verildi. Qərara görə, gündəlik hasilat may-iyun aylarında 10 milyon barel, iyuldan 8 milyon barel, 2021-ci ilin yanvar ayından isə 6 milyon barel azalacaq. Bu ssenari üzrə əsas yük Səudiyyə Ərəbistanı və Rusiyanın üzərində olacaq.

İlkin olaraq Səudiyyə Ərəbistanı gündəlik hasilatını 4 milyon barel, Rusiya isə 2 milyon barel aşağı salacaq. Digər ölkələrin kvotası məlum olmasa da, ixtisar İran, Liviya və Venesuelaya şamil olunmayacaq.

Neftin qiymətinin təkrar ucuzlaşması göstərdi ki, hazırda bazarda sürətlə azalan tələb qiymətləri daha çox aşağı dartır. Belə ki, “Goldman Sachs” hesablamalarına cari vəziyyətdə hasilatın artıqlığı gündə 20 milyon barel təşkil edir. Odur ki, sürətlə azalan tələbatın müqabilində, hətta 10 milyon barel eniş gerçək olsa da, qiymətlərə təsir gücünə malik deyil. Belə ki, ekspertlər və bazar iştirakçıları gündəlik hasilatın 10 milyon barel azaldılacağına şübhə ilə yanaşırlar. Buna misal olaraq hasilatın azadılmasının əleyhinə olan Meksikanın OPEK+ formatında iclası vaxtından əvvəl tərk etməsidir. Bu isə o deməkdir ki, yaxın dövrlərə neftin qiymətinin bahalaşacağı gözlənilmir”.

Qubad İbadoğlu dünya bazarlarında “qara qızıl”ın ucuzlaşma trendinin Azərbaycan neftindən də yan keçməyəcəyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər