Palermo şəhərində İtaliya mafiyasının öndə gələn ailələri ilə toplantı keçirən, Fransadan 1998-ci ilin fevralında şəxsinə qarşı həyata keçirilə əməliyyatdan sağ çıxan türk mafioz haqqında əfsanələr dolaşır.
Teleqraf.com hazırda Türkiyədə həbsdə olan türk kriminal dünyasının bir nömrəli lideri kimi təqdim edilən Ələddin Çakıcının (Alattin Çakıcı) dosyesini təqdim edir.
1980-cı illərin sonunda adı ilk olaraq Ankarada eşidilən türk kriminal aləminin avtoriteti Ələddin Çakıcı sonradan İstanbula gələrək burada kriminal qruplaşmalar arasında özünə yer edə bilir. Türkiyə çapında fəaliyyət göstərən və “ülkücü baba” olaraq tanınan Çakıcı İstanbulda məşhur şəxslərdən Dündar Qılıncın qızı Uğur Qılıncla ailə qurur. Bu evliliyi və İstabulda iştirak etdiyi silahlı hücumlardan sonra polisin diqqətini cəlb etməyə başlayır. İddialara görə, Çakıcı daim Qaradənizli olması ilə öyünürmüş.
Mafiya babası kimdir?
Ələddin Çakıcı 1953-cü il yanvarın 20-də Trabzonda doğulub. Trabzonun Arsin qəsəbəsinin Fındıqlı kəndində dünyaya göz açan gələcəyin mafiya lideri 1998-ci il avqustun 17-də türk və Avstriya polisinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Fransada saxlanılan zaman onun yanında modelyer Canan Yaka, müğənni Səlcuq Uralın qızı Əsli Ural olub. Bu zaman mafiya liderinin üzərindən Nədim Caner adına düzəldilən saxta paport və 17 min dollar çıxıb.
Atasını 12 sentyabr hadisələri zamanı İstanbulun Gültəpə səmtindəki bir kafeyə edilən silahlı hücum zamanı itirən Ələddin Çakıcı 1984-cü ildən etibarən kriminal qruplara liderlik etməyə başlayır.
Arvadının öldürülməsi əmri
Keçmiş xanımı Uğur Çakıcının Uludağda öldürülməsi əmrini verməsi ittihamı ilə polis və prokurorluq tərəfindən haqqında qiyabı həbs edilmə qərarı çıxarılan və axtarışa verilən Çakıcı canlı yayımda DYP sədri Tansu Çillərlə bağlı verdiyi açıqlama səbəbindən Flash Tv-nin bağlanmasına səbəb olub.
Birja müdiri Adil Öngərin yaralanması, "Pamukbank"ın sədri Burha Karaçama qarşı silahlı hücum, Emin Cankurtaranın vurulması, Cavid Çağlara qarşı sui-qəsd planlaması, Engin Civanın vurulmasında baş rol alan Ələddin Çakıcı özü kimi kriminal dünyanın ciddi fiqurlarından Nurullah Ağansoyun öldürülməsində günahkar elan olunaraq axtarılmağa başlanılıb.
Fransada türk mafiya liderinə qarşı əməliyyat
Çakıcı axtarışda olmasıu səbəbindən bir müddət ölkə xaricinə getməli olur. Onun Palermoda İtaliya mafiyasının tanınmış ailələri ilə bir toplantı keçirdiyi bəlli olub. Eləcə də 41 nəfərin ölümündə ittiham edilən Çakıcı 1998-ci ilin 17 avqustunda Fransada keçirilən əməliyyat zamanı saxlanılıb. Bu zaman onun yanında olan cangüdəni Murad Gülər, müğənni Səlcuq Uralın qızı Əsli Ural da saxlanılıb. Onun saxlanılmasından sonra ortaya çıxan kasetlər ANAP-dan olan dövlət naziri Əyyub Aşıkın istefasına səbəb olub. Aşkınla birlikdə Çakıcıyı qaçması üçün xəbərdarlıq edən DYP-dən olan Meral Akşenər, MİT rəsmisi Yavuz Ataç və bursalı biznesmen Erol Evcil ittiham edilib.
"Dərin dövlət"lə əlaqələri
Birja müdiri Adil Öngərin güllələnməsi ilə bağlı məhkəmə prosesində iştirak edən Çakıcı ölkə xaricində Türk Milli Kəşfiyyat İdarəsinə (MİT) işlədiyini, hər zaman dövləti qoruduğunu, amma ondan “lombard” kimi istifadə edildiyini bildirib. Çakıcı ən demokratik və inkişaf etmiş ölkələrdə belə "dərin dövlət"in olduğunu və olmasının vacibliyini qeyd edib.
MİT-in xarici ölkələr üzrə kəşfiyyat idarəsinin sabiq rəhbəri Nuri Gündəş NTV kanalında “dərin dövlət” mövzusunda müzakirələr zamanı Ələddin Çakıcıdan danışarkən, “əgər məni dinləyirsə, yanaqlarından öpürəm, əgər dövlətə bir xidməti varsa...” fikirlərini işlətməklə gündəmə gəlib. Bundan sonra İstanbulun Şişli prokurorluğu proqramda qanunsuz silahlı şəbəkənin lideri Ələddin Çakıcıdan danışan Nuri Gündəş haqqında “cinayətkari müdafiə etmək” ittihamı ilə təhqiqat aparıb.
Prokurorluqda ifadəsi alınan Gündəş Cinayət Məcəlləsinin 215-ci maddəsinə əsasən, 2 il müddətinə həbs oluna bilərdi. Amma siyasi partiyalardan gələn ciddi etirazlar buna mane olub.
AKP-nin parlamentdəki fraksiya lideri Əyyub Fatsa “hüquq dövlətində bu cür əlaqələri, duyğusal yanaşmaları haqlı göstərmək mümkün deyil” ifadəsini işlədərək bildirib ki, bu bəyanatlar səhv addımdır.
CHP sədrinin müavini Özürək isə dövlət xidmətinin dövlət məmurları tərəfindən aparılmalı iş olduğunu bəyan edərək bildirib ki, bu işlərin bir mafiya və ya şəbəkəyə həvalə edilməsi mümkün deyil: “Bu açıqlama mafiyalaşmanı, şəbəkələşməni göstərən bir davranışdır. MİT-də xidmət keçən insanların bu formada çıxış etməsi yanlışdır. Həm çıxışı yanlışdır, həm də söylədikləri. Belə sözləri dəstəkləmək mümkün deyil. Ələddin Çakıcı kimi qarışıq işlərə bulaşmış birinin yanaqları dövlətdə xidmət edənlər tərəfindən öpülürsə, vay bizim halımıza...”
Dövlət Baxçalı onu həbsxanada ziyarət edib
Qeyd edək ki, bir neçə il əvvəl Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı həbsxanaya gedərək, Ələddin Çakıcını ziyarət edib. Baxçalı açıq şəkildə deyib ki, Çakıcı artıq qocalıb, xəstədir və onun azadlığa buraxılması lazımdır. Hətta MHP onun azadlığa buraxılmasını nəzərdə tutan əfv verilməsini də istəyib. Baxçalı eyni zamanda Çakıcının guya sağlam olmasına dair arayış verən həkimlərin həbsini tələb edib.
Mafiya lideri həbsdə, şəbəkəsi azadlıqda
2018-ci ildə Türkiyə hüquq-mühafizə orqanları Çakıcının azadlıqda olan şəbəkəsinə qarşı əməliyyat keçirib. Onun vəkili daxil olmaqla 17 nəfər həbs edilib. Şəbəkənin Ankara və Kırıkkaladə xərac topladığı bəyan edilib. İndi də Çakıcının şəbəkəsinin azadlıqda qalan üzvlərinin olduğuna dair iddialar var.
Törətdiyi cinayətlər
Türk mafiyasının lideri Ələddin Çakıcı jurnalist Hincal Uluçuyı yaraladağı üçün 3 il 4 ay, 15 nəfərin yaralanmasına səbəb olan Qaragümrük İdman Klubuna silahlı hücum təşkil etmək cinayətinə görə 3 il 4 ay və 19 il 9 ay, Birja müdiri Adil Önərgin avtomobilinin atəşə tutulmasına görə 10 il 10 ay, 1995-ci ildə Uludağda keçmiş xanımı Nuriyə Uğur Qılıncın öldürülməsi cinayətinə görə ömürlük həbs.
Ancaq bu məhkəmə prosesi zamanı Qılıncın Çakıcıya “Öcalan səndən daha şərəflidir” sözünə görə mafiya liderinin ömürlük həbsi 19 il 2 ay cəza ilə əvəzlənib.
Prezident Rəcəb Təyyub Ərdoğana qarşı təhqirinə görə də 10 ay həbs cəzası alan mafiya lideri hazırda Kırıkkala cəzaçəkmə müəssisəsində saxlanılır və müalicə alır.