Ermənistanın eks-prezidenti Serj Sərkisyanın məhkəməsi koronavirus səbəbindən təxirə salınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə sabiq prezidentin vəkili Amram Makinyan məlumat verib.
O, məhkəmənin təxirə salınmasının Ermənistandakı epidemioloji vəziyyətlə əlaqədar olduğunu deyib: “Növbəti iclasın tarixi daha sonra elan olunacaq”.
Yanvarın 20-də Ermənistanın üçüncü prezidenti Serj Sərkisyan və digərlərinə qarşı cinayət işi üzrə istintaq tamamlanıb və iş məhkəməyə göndərilmək üçün prokurora təqdim olunub. Yanvarın 29-da Ermənistan Baş Prokurorluğu cinayət işini ittiham aktı ilə məhkəməyə göndərib.
Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə aşağıdakı şəxslərə qarşı ittihamlar irəli sürülüb:
Keçmiş kənd təsərrüfatı naziri Serqo Karapetyan, keçmiş prezident Serj Sərkisyan, “Flash” MMC-nin sahibi Barseq Beqlaryan, keçmiş kənd təsərrüfatı nazirinin müavini Samvel Qalstyan və eyni nazirliyin bitki istehsalı şöbəsinin müdiri Gevorq Arutyunyan.
Adı çəkilən şəxslər dövlət vəsaitlərini qanunsuz mənimsəmədə ittiham olunur. İttihamnaməyə görə, Serj Sərkisyan prezident olduğu dövrdə ayrı-ayrı vaxtlarda dövlətə məxsus 1 milyon dollar maddi vəsaiti özəlləşdirib.