Bu ilin yanvar-mart aylarında 108 496 ukraynalı Rusiya vətəndaşlığını əldə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın “STRANA” internet qəzeti Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti tərəfindən yayımlanan miqrasiya vəziyyətinin statistikasına istinadla məlumat yayıb.
Statistikaya görə, həmçinin, bu müddət ərzində ukraynalılar üçün 8834 yaşayış icazəsi verilib. Ümumilikdə hazırda 143 766 Ukrayna vətəndaşı Rusiyada yaşayış icazəsi ilə yaşayır.
Bundan əlavə yanvar-mart aylarında 5656 ukraynalı Rusiyada müvəqqəti yaşamaq icazəsi alıb. Hazırda Rusiyada bu icazə növü altında 96 718 ukraynalı yaşayır.
Nəşrin xatırlatdığı kimi, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin Rusiya vətəndaşlığını almağı asanlaşdıran qanuna imza atıb. Sənədə əsasən, əcnəbilər əvvəlki vətəndaşlığından imtina etmədən Rusiya vətəndaşlığını ala biləcəklər.
Bundan əlavə Belarus, Qazaxıstan, Moldova və Ukrayna vətəndaşları Rusiyada beş il müddətinə məcburi yaşamadan vətəndaşlıq ala bilərlər.