Ukrayna Jurnalistlərinin Milli Birliyinin rəhbəri Sergey Tomilenko jurnalist Nikita Knışın Xarkovda döyüldüyünü bildirib.
Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbrinə görə, buna jurnalistin polisi karantini pozan insanların kütləvi toplaşdığı yerə çağırması səbəb olub.
Jurnalist "Nauçnaya" metro stansiyası yaxınlığındakı dayanacaqda karantin şərtlərinin pozan gəncləri görüntüyə almaq istəyib. Tomilenkonun sözlərinə görə, Knış özünü jurnalist kimi təqdim edib və gənclərə karantin rejimini nədənpozduqları ilə bağlı suallar verməyə başlayıb. Bundan sonra isə polisə zəng edib. Jurnalistin arqumentlərinə baxmayaraq, hüquq-mühafizə orqanları əməkdaşları heç bir tədbir görməyib və oradan uzaqlaşıblar. Polis əməkdaşları jurnalistə "karantin şərtləri məcburi deyil, tövsiyə xarakteri daşıyır" deyiblər.
Jurnalistin dediyinə görə, polis oradan uzaqlaşandan az sonra gənclər ona hücum edib və döyməyə başlayıblar. Onlar jurnalistin telefonunu və noutbuk və şəxsi əşyalarının olduğu çantasını əlindən alıblar.
Jurnalist hadisə barədə polisə məlumat verib və həkim müayinəsindən keşib. O, döyüldüyü barədə kadrları da təhlükəsizlik kamerasından əldə edib.
Jurnalistlər Birliyinin rəhbəri hadisəni pisləyib və faktla bağlı araşdırılma aparılmasını tələb edib.