Ermənistanın sabiq xarici işlər naziri Edvard Nalbandyan da 2016-cı ilin aprel müharibəsindəki məğlubiyyətin səbəbləri barədə ifadəsi alınması üçün parlamentin istintaq komissiyasının iclasında iştirak etməyə dəvət olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə verdiyi açıqlamada komissiya sədri Andranik Köçəryan bildirib.
O, artıq məktubun ölkənin keçmiş baş diplomatına göndərildiyini qeyd edib.
Sabiq baş nazir Karen Karapetyan bu gün iclasa dəvət olunub. Habelə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki separatçıların başçısı Bako Saakyan da parlament istintaq komissiyasının iclasında iştirak etməyə razı olub.
Xatırladaq ki, bundan əvvəl sözügedən komissiyada Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan da ifadə verib.
Əlavə edək ki, 2016-cı ilin aprel döyüşlərində Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinə məğlubiyyəti hələ də işğalçı ölkədə müzakirə mövzusudur.