Kürdüstan Fəhlə Partiyası (PKK) Suriya-Türkiyə sərhədində yerləşən Eyn əl Ərəb (Kobani) şəhərinin müdafiəsi üçün ümumi səfərbərlik elan edib.
APA-nın verdiyi xəbərə görə, bu barədə Livanın “Əl Mayədin” telekanalı məlumat yayıb.
Bu arada isə “İslam Dövləti” qüvvələri tərəfindən mühasirəyə alınmış şəhərdəki kürd özünümüdafiə dəstələri silahlıların hücumunu dəf etmək üçün mövqelərini möhkəmləndirirlər. Qızğın döyüşlərin Eyn əl Ərəb şəhərinin cənub-şərq hüdudlarından bir neçə yüz metr, qərb istiqamətində isə 2-3 km aralıda getdiyi bildirilir. Telekanal qeyd edir ki, terrorçular hər an müdafiə olunanların müqavimətini qıraraq, şəhərə daxil ola bilərlər.
Kürd özünümüdafiə dəstələrinə dəstək məqsədi ilə beynəlxalq koalisiyanın hava qüvvələri “İslam Dövləti”-nin ön mövqelərinə artıq 2 gündür ki güclü zərbələr endirir.
Suriyanın “Demokratik Birlik” Partiyasının lideri Salih Müslüm Qərbə müraciət edərək, Kobani şəhərinin müdafiəsini üçün kürd özünümüdafiə dəstələrinə təcili silah-sursatın verilməsini xahiş edib. Onun sözlərinə görə, yardımın vaxtında göstərilməyəcəyi təqdirdə, “İslam Dövləti” qüvvələri şəhəri ələ keçirərək bütün sakinləri edam edəcəklər.