Qırğızıstan və Özbəkistan sərhəddəki münaqişənin birgə araşdırılmasına dair razılığa gəlib.
Teleqraf.com-un məlumatına görə, Qırğızıstanın Batken bölgəsindəki Çeçme-Avtodorojnıy keçid məntəqəsində Qırğızıstan Baş nazirinin birinci müavini Kubatbek Boronovla Özbəkistan Baş naziri Abdulla Aripov arasında görüş keçirilib.
Görüşdə bazar günü iki ölkənin sərhəd kəndlərinin sakinləri arasında baş verən münaqişə müzakirə edilib.
Görüş zamanı tərəflər birgə istintaq tədbirləri keçirmək və günahkarları məsuliyyətə cəlb etmək barədə razılığa gəlib.
Danışıqlar zamanı tərəflər dövlət sərhədlərində baş vermiş hadisədən təəssüfləndiklərini bildirib və vəziyyətin nizamlanması, eskalasiyasının qarşısının alınması və sərhəd bölgələrində gərginliyin aradan qaldırılması üçün birgə tədbirlərin görülməsinə çağırıblar.
Mayın 31-də Qırğızıstanın Özbəkistanla sərhədində bir neçə yüz insanın iştirak etdiyi toqquşma baş verib. Tərəflər bir-birilərinə daş atıblar. Münaqişə su üzündən baş verib: sakinlər bulağı bölüşə bilmirlər. Hadisə nəticəsində 25 nəfər yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır.
Münaqişənin qarşısının alınması üçün bölgəyə hərbi qüvvələr göndərilib.
Son on ildə Bişkek və Daşkənd arasındakı münasibətlər ən yaxşı dövrünü yaşamır. Anlaşılmazlığın səbəbi, SSRİ dağılandan sonra müəyyən edilməmiş qalan dövlət sərhəd xəttinin qeyri-müəyyənliyi ilə əlaqədar ərazi mübahisələridir.
2017-ci ildə Qırğızıstan-Özbəkistan münasibətlərində bir irəliləyiş əldə edildi - tərəflər müvəqqəti bir dövlət sərhəd sazişi imzaladılar, buna görə iki ölkə tarixində ilk dəfə dövlət sərhəd xəttinin 85% -i müəyyən edildi. 2017-ci ilin oktyabrında sənəd qüvvəyə mindi.