Ukrayna Ali Radasının “Xalqın xidmətçisi” fraksiyasından olan deputatı Aleksandr Sançenko hazırladığı “Gənclər siyasətinin əsasları haqqında” qanun layihəsinin mahiyyətini rep kompozisiyasının köməyi ilə izah etməyə çalışıb.
Teleqraf.com xəbər verir ki, siyasətçi videonu özünün “Facebook” səhifəsində yerləşdirib.
“Gənclərlə bağlı qanunu gənclərə onların öz stilində çatdırmaq lazımdır”, – deyə deputat “klipində” bildirib.
“Mən qanunu oxumağa ayırılan vaxta qənaət etmək üçün potensial hit yazmaq qərarına gəldim. Qısacası, əslində indi onun haqqında hər şeyi sizə söyləyəcəyəm”, – deyən Sançenko öz təşəbbüsü ilə hazırladığı qanun layihəsinin əsas tezislərini açıqlayıb.
“Qanuna qızıl hərflərlə yazacağımız prinsip: gənclər üçün heç bir qərar gənclərsiz olmayacaq. Seçdiyimiz ikinci prinsip gənclər mərkəzlərinin dövlət səviyyəsində inkişafıdır”, – deputat rep zamanı bildirib.
Üçüncü bənddə A.Sançenko Ukrayna Gənclər Fondunun yaradılmasından bəhs edib. Həmçinin, onun sözlərinə görə, gənclər “dövlət üçün yaxşı investisiyaya çevrilə biləcək xeyirxah işlər üçün” dövlətdən qrant ala biləcəklər.