Çinin Urumçi şəhərində son bir neçə gündə COVID-19 infeksiyasına yoluxma hallarının çoxalması səbəbindən sərt karantin rejiminin tətbiqinə başlanılıb.
Teleqraf.com xəbər verir ki, 149 gün aradan sonra iyulun 15-də Sincan-Uyğur muxtar regionunun inzibati mərkəzi olan Urumçidə COVID-19 virusuna daxili ötürülmə yolu ilə ilk yoluxma qeydə alınıb. Növbəti günlərdə isə yoluxma halları çoxalaraq, 17 təsdiqlənmiş və 23 asimptomik yoluxma qeydə alınıb.
Şəhər rəhbərliyi virusun yayılmasını nəzarətdə saxlamaq üçün təxirəsalınmaz tədbirlərin icrasına başlayıb. Belə ki, ictimai nəqliyyatın fəaliyyəti, məhəllələrə giriş-çıxış məhdudlaşdırılıb, sakinlərin evdə qalması tövsiyə olunub. Şəhəri yalnız koronavirus testi neqativ nəticə verənlər tərk edə bilər. Virusa yoluxmuş şəxslərlə yaxın təmasda olanlar yaxın bir neçə gün ərzində koronavirus testindən keçəcəklər.
Aviasiya şirkətləri Urumçi hava limanında yerinə yetirməli olan uçuşların təxminən 90 faizini ləğv ediblər. Çində yeni növ koronavirusun ilk aşkarlandığı və ən çox yayıldığı Uxan şəhərindən Urumçiyə həkim briqadaları cəlb olunub.
Hələlik yoluxmanın kimdən başladığını müəyyən etmək mümkün olmayıb.