İran 2019-cu ilin iyun ayında ABŞ-ın Northrop Gruman şirkəti tərəfindən hazırlanan RQ-4 "Global Hawk" model pilotsuz kəşfiyyat təyyarəsini vurmuşdu.
Teleqraf.com xatırladır ki, İran tərəfi Pilotsuz Uçuş Aparatını (PUA) hava sərhədini pozduğu üçün raketlə vurduğunu elan etmişdi, ABŞ isə PUA-nın beynəlxalq hava sahəsində uçarkən vurulduğunu açıqlamışdı.
Bu hadisədən sonra “Forbes” jurnalına çatan bilgilərə görə, İran ələ keçirdiyi PUA-nın parçalarını birləşdirib. İran İnqilab Keşikçiləri Korpusunun dəniz donanması PUA-nın qalıqlarını Bəsrə körfəzinin dibindən çıxardığını iddia etmişdi.
ABŞ mütəxəssisləri isə PUA parçalarının Bəsrə körfəzi dərinliklərindən çıxarmaq üçün İranın lazım olan imkanlara malik olmadığını düşünür. Ehtimal edilir ki, PUA parçaları suyun üzündən çıxarılıb. Daha bir ehtimal odur ki, sensor və aviyonik kimi ağır dəmir parçaları hələ də okeanın dibində ola bilər. Mütəxəssislərin qənaətincə, İran yenidən RQ-4 "Global Hawk" model PUA barəsində bilgi əldə etsə və parçalarını bir yerə toplasa da, bu kəşfiyyat təyyarəsini əvvəlki vəziyyətə gətirib havaya qaldıra bilməyəcək.
Xatırladaq ki, İran hərbçisi Əmir Əli Hacızadə 2020-ci ilin fevralında bildirmişdi ki, PUA-nın kod və şifrələrini müəyyən ediblər və Tehran bir neçə kilometrlik məsafədə PUA-nı zərərsizləşdirə bilər.