21 İyul 2020 12:42
8 147
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Rusiya Xarici İşlər nazirinin müavini Sergey Verşinin rəhbərlik etdiyi texniki heyət Liviya böhranına həll yolu tapmaq məqsədilə yenidən Ankaraya səfər edir.

Teleqraf.com xəbər verir ki, Ankaraya gələcək rus heyət Türkiyə Xarici İşlər nazirinin müavini Sədat Önalın rəhbərlik etdiyi heyətlə müzakirələr aparacaq.

Qeyri-rəsmi məlumatlara görə, danışıqlarda Türkiyə və Rusiya arasında yaranan Sirtə böhranı çözməyə çalışılacaq. Əgər heyətlər arasında fikir birliyi əldə edilərsə, bu zaman xarici işlər nazirləri arasında növbəti görüş baş tutacaq.

Bu arada aydın olub ki, Türkiyə Liviya milli etimad hökuməti ilə birlikdə Sirtə şəhərini geri almaq üçün əməliyyat hazırlıqlarını tamamlamaq məqsədilə texniki heyətlər arasında görüşləri sürətləndirib.

Xatırladaq ki, Rusiyadan diplomat və hərbçilərdən ibarət heyət iyunun 13-14-də türk həmkarları ilə görüşmüşdü. Bu görüşdə Sirtə məsələsi ətrafında müzakirələr dalana dirənmişdi. Nəticədə Rusiya xarici işlər və müdafiə nazirlərinin Türkiyə səfəri təxirə salınmışdı.


Müəllif: Cavad