Rusiya prezidentinin Krımdakı daimi nümayəndəsi Georgi Muradov Almaniya Xarici işlər naziri Hayko Maasa yarımadanın vəziyyəti ilə bağlı fikirlərini şərh edərkən, Almaniya Federativ Respublikası və Almaniya Demokratik Respublikasının birləşməsini xatırladıb.
Teleqraf.com-un məlumatına görə, Georgi Muradov bildirib ki, heç bir referendum keçirmədən Almaniya Demokratik Respublikasını ilhaq edən Almaniya Federativ Respublikası Xarici İşlər Nazirliyinin rəhbərinin, konstitusiyada təsbit edilən Rusiyanın ərazi bütövlüyünə xələl gətirməsi təəssüf doğurur.
"Dünyanın almanların yenidən birləşməsini alqışlaması və rusların yenidən birləşməsini qınaması müasir siyasətin prinsiplərinə uyğun deyil, eyni zamanda beynəlxalq hüquq normalarından da danışırıq”, - Muradov deyib.
Onun sözlərinə görə, Krım öz müstəqilliyini Kiyevdə çevriliş edən millətçilərin hərbi təhdidi qarşısında elan edib və bunu tanıyan Rusiyaya yarımadanın 200 illik bir hissəsi olduğu doğma ölkəsinə qayıtmaq istəyi ilə müraciət etmək hüququna sahib idi.
Muradov Rusiyanın yenidən “G8” sammitinə qayıtmaqda maraqlı olmadığını deyib.
Bundan əvvəl Hayko Maas Rusiyadan işğal etdiyi Krım bölgəsini Ukraynaya qaytarmağı tələb edib. O, “G7” formatının genişləndirilməsi və Rusiyanın qrupa daxil olmasının Krım və Ukrayna məsələsi həll olunmayana qədər çətin olduğunu söyləyib.
Diplomatın sözlərinə görə, Moskva Ukraynanın şərqinə hərbi müdaxilə səbəbindən oradan qovulub.
Əlavə edək ki, “G8” formatı 1998-ci ildən mövcuddur. 2014-cü ildə “G7”ə endirilib, Krımdakı hadisələrin fonunda klub üzvləri Soçidəki növbəti sammitə getməməyi qərara aldılar, Rusiyasız Brüsseldə toplandılar. Qərb ölkələri Moskvanı Ukraynanın daxili işlərinə qarışmaqda və işğalda günahlandırır və sanksiyalar tətbiq edir.
Krım 2014-cü ilin mart ayında keçirilmiş “referendum”dan sonra Rusiyaya ilhaq edilib. Dünya birliyi bunu işğal kimi qəbul edir.