Rusiya rəhbərliyi COVID-19 peyvəndini avqustun 10-dan daha erkən təqdim etməyə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Mənbə Rusiyanın peyvəndin iki həftədən daha az vaxtda təsdiqlənəcəyini, bunun əvvəlcə tibb işçilərinə vurulacağını iddia edib. Rusiya bu halda dünyada COVID-19 peyəndini təsdiqləyəcək ilk ölkə olacaq.
Peyvəndin hazırlanması prosesini maliyyələşdirən Rusiya Milli Sərvətlər Fondunun rəhbəri Kirill Dmitriyev 1957-ci ildə SSRİ-nin Yerin orbitinə ilk peyki buraxan dövlət olduğunu xatırladıb: “Amerikalılar peykin səsini eşidəndə təəccüblənmişdilər. Peyvənd məsələsində də belədir. Rusiya bunu bacaran ilk ölkə olacaq. Amma elm adamlarımız birinci olmaq üçün yox, insanları qorumaq üçün çalışırlar”.
CNN Rusiyanın layihənin detalları ilə əlaqədar heç bir məlumatı açıqlamadığı, peyvəndin nə qədər təhlükəsiz və təsirli olduğunun bilinmədiyini qeyd edib.