3 Avqust 2020 13:14
3 385
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Silahlı Qüvvələrinin ən son silah və hərbi texnikaları ilk dəfə olaraq Cənub Hərbi Dairəsində keçiriləcək “Ordu-2020” hərbi-texniki forumunda təqdim ediləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

“Patriot” parklarındakı 16 hərbi məkanda ilk dəfə geniş auditoriyaya ən son silah və hərbi texnikaların nümunələri, o cümlədən ASP BM “Rtut” radio müdaxilə stansiyası, hədəf aşkarlama və təyinetmə stansiyası “Kupol” kimi təqdim olunacaq. Cənub Hərbi Dairəsinin silah və hərbi texnikalarının ekspozisiyasında yeni SOU “BUK-M2” zenit-raket sistemi, “İsgəndər” əməliyyat-taktiki kompleksi, “TOR-M-2U” zenit-raket sistemi, “Tiqr” zirehli avtomobili, pilotsuz aviasiyanın çoxfunksiyalı kompleksi də yer alacaq.

“Orlan-10” və “Eleron-3”, 152 mm-lik özüyeriyən artilleriya qurğusu “Msta-S”, S-400 “Triumf” hava hücumundan müdafiə kompleksi və “Pantsir-S1” zenit-raket silah sistemləri, tank əleyhinə raket sistemləri (“Kornet”) “Şturm-S”, “Tayfun” ailəsinin xüsusi vasitələri, “T-72B3” və “T-90” tankları, “BMP-3” piyada döyüş maşınları və elektron döyüş habelə mühafizə bölmələrinin digər hərbi texnikası nümayiş etdiriləcək.

Cənub Hərbi Dairəsinin hərbi-texniki forumu Stavropol ərazisindəki “Patriot” parklarında, Vladikavkazda, Volqoqradda və ilk dəfə Xəzər dənizində, həmçinin Adıgey, Həştərxan, İnquşetiya, Kabardino-Balkariya, Qaraçay-Çərkəzdə, Kubanda, Çeçenistanda və Rusiya hərbi bazasının yerləşdiyi Ermənistanda keçirilməsi planlaşdırılır. Ümumilikdə 40-dan çox birləşmə və hərbi hissə, 10-dan çox sənaye müəssisəsi, elmi tədqiqat institutu və təhsil müəssisəsi “Ordu-2020” forumunda iştirak edəcək.

Forumda Cənub Hərbi Dairəsi, Rusiya Qvardiyası, Fövqəladə Hallar Nazirliyi və hərbi-sənaye kompleksi müəssisələrinin 12 mindən çox texnika və silahının iştirakı planlaşdırılır.

Qeyd edək ki, "Ordu-2020" hərbi-texniki forumunun 27-29 avqust tarixlərində keçirilməsi planlaşdırılır.


Müəllif: Mənsur Rəğbətoğlu