Keçmiş “Apple” əməkdaşı Devid Şrayer “TidBITS” nəşrinin saytında dərc edilən məqalədə şirkətin ABŞ hökumətinə məxfi qurğu yaratmağa kömək etməsini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, onun sözlərinə görə, 2005-ci ildə məxfi layihə üzərində iş barədə ondan ABŞ Energetika Nazirliyinin podratçılarının müraciət etdiyi “iPod” layihəsinin rəhbəri xahiş edib. D.Şrayerin vəzifəsi “Bechtel” şirkətinin Pol və Metyu adlı iki mühəndisinə kömək edərək onları “iPod” pleyerinin əməliyyat sistemi ilə tanış etmək olub.
Müəllifin sözlərinə görə, ondan xarici görünüşünə görə adi “iPod” qurğusundan fərqlənməyən xüsusi funksionallığa malik pleyerin hazırlanması xahiş olunub. Bunun üçün mühəndis qurğu kompüterə qoşulan zaman nəzərə çarpmayan gizli bölmə yaratmağı təklif edib. Modifikasiya edilmiş qurğu beşinci nəsil “iPod” əsasında yaradılıb.
D.Şrayer qeyd edib ki, “Apple” tərəfindən hökumətin podratçısına kömək göstərilsə də, mühəndislərin imkanları məhdudlaşdırılıb. Onun sözlərinə görə, Pol və Metyu üçün ayrıca kabinet ayrılıb, lakin onlar internetə korporativ təhlükəsizlik divarından (firewall) kənar qoşulub. Bu, “Bechtel” mühəndislərinin “Apple” şirkətinin daxili şəbəkəsinə qoşulmaması üçün edilib. Həmçinin kənar şəxslərin istifadəsinə verilən “iPad OS” versiyası şirkətin mənzil-qərargahından kənara aparılmasına icazə verilməyən “DVD” diskdə saxlanılıb.
D.Şrayer “Bechtel” əməkdaşları tərəfindən yekunda hansı qurğunun yaradılması barədə məlumatsız olsa da, “iPod” pleyerinə gizli Geyger sayğacının əlavə olunmasını ehtimal edir. “Siz şəhərdə gəzə, musiqi dinləyə və eyni anda radioaktivlik haqqında məlumatları qeydə ala bilərsiniz”, – mühəndis vurğulayıb. Onun sözlərinə görə, bununla hökumət agentləri “çirkli bomba”nın yaradılması üçün oğurlanmış və ya kontrabanda uranın izlərini axtara bilərlər.
Müəllif onu da əlavə edib ki, məxfi layihə barədə şirkətdə yalnız dörd nəfər məlumatlı olub: “Onların heç biri hazırda “Apple”da çalışmır”, – o qeyd edib. Bundan başqa, ABŞ şirkətinin hökumət podratçısı ilə əməkdaşlıq faktını tərəflər arasında razılığın şifahi şəkildə olması səbəbindən təsdiq etmək qeyri-mümkündür.