ABŞ Prezidenti Donald Trampın noyabr ayında keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə, NATO-dan çıxacağı ilə bağlı iddialar var.
Publika.az xəbər verir ki, bu barədə “New York Times” qəzeti yazıb.
Qəzet Trampın yaxın ətrafına və əvvəllər onunla işləyən mənbələrə istinad etdiklərini bildirərək, Trampın bunu 2018-ci ildə NATO-nun zirvə görüşündə də dilə gətirdiyini qeyd edib.
Trampın keçmiş Milli Təhlükəsizlik müşaviri Con Bolton da bu yay işıq üzü görən kitabında prezidentin ABŞ-ı NATO-dan çıxarmaq üçün dəfələrlə fikir səsləndirdiyini yazıb. Bolton keçən ay verdiyi müsahibədə Trampın seçkilərdən öncə - oktyabr ayında sürpriz bir şəkildə NATO-dan ayrılacağını qeyd edib.
Ağ Evin Baş katibi vəzifəsində çalışan Con Kelli “New York Times”a verdiyi açıqlamada, vəzifə müddətində ən çətin şeyin Trampı NATO-dan çıxmaq qərarından çəkindirmək olduğunu deyib.