Ukraynanın Alçevsk rayonuna Rusiyadan silah-sursatla dolu “Qazel”lərdən ibarət karvan gəlib.
Teleqraf.com-un UNİAN-a istinadən məlumatına görə, bu açıqlama ilə ukraynalı hərbi ekspert Dmitri Timçuk öz Feysbuk səhifəsində çıxış edib.
O, Donetskə Krımdan rusiyalı muzdurlardan ibarət 100 nəfərlik yaxşı hazırlıq keçmiş dəstənin gəldiyini bildirib. Timçuk qrupun bölündüyünü və yaxşı silahlandığını deyib. Həmçinin Donetskdə keçmiş milis işçilərindən ibarət xüsusi təyinatlı dəstənin də yaradıldığını vurğulayıb. Bu qrupdan Donetsk aeroportuna hücumda istifadə ediləcəyi söylənilib.
Xatırladaq ki, ötən gün Rusiya Prezidenti Putinin Ukrayna sərhədində təlim keçən ordunu geri çəkmək üçün Müdafiə naziri Şoyquya təlimat verdiyi barədə Kreml rəsmi məlumat yaymışdı.