17 Sentyabr 2020 09:25
1 847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaxtilə Misir ABŞ vasitəsilə İsraillə “Kemp-Devid” sazişi imzaladı. Bu saziş Misirin Səna yarımadasındakı torpaqlarının geriyə qaytarmasına gətirib çıxardı. Sonradan Yasir Ərəfatın sağlığında Kemp-Deviddə İsrail və Fələstin arasında imzalanan razılaşmaya görə, BMT-nin 1947-ci ildə verdiyi mandata uyğun olaraq bu ərazilərdə Fələstin və İsrail dövlətlərinin yaradılması nəzərdə tutulurdu. Yəni Fələstin dövlətinin yaradılması, onun sərhədlərinin müəyyən edilməsi nəzərdə tutulurdu. Beləcə İsrail belə bir dövlətin yaranmasına təminat verirdi.

Bu fikirləri Teleqraf.com-a yenidən dünyanın gündəminə çıxan İsrail-ərəb dünyası münasibətləri haqda danışan politoloq Qabil Hüseynli deyib.

Qabil Hüseynli xatırladıb ki, sonradan Fələstin hakimiyyəti daxilində müəyyən intriqalar başladı: "Daha doğrusu Fələstin Azadlıq Təşkilatı ilə Həmas Hərəkatı arasında yaşanan problemlər Fələstin dövlətinin qurulması və elanını gecikdirdi. Bu vəziyyətdən yararlanan İsrail İordan çayının qərb sahillərində, yəni Fələstin ərazilərində yeni məskənlər salmağa başladı. Bununla da İsrail və Fələstin arasında Kemp-Deviddə əldə olunan razılaşma təhlükə altına düşdü. Sözsüz ki, bu məsələlərdə İranın da rolu oldu. İran Həması dəstəkləmək və ona maliyyə dəstəyi göstərməklə bu qurumu FƏT-in üzərinə qaldırdı. Fələstində iki qrup savaşarkən İsrail Fələstin torpaqlarında məskunlaşma həyata keçirdi. Üstəlik İsrail nümayiş etdirdi ki, bu xalq terrorçudur, dağıdıcı ideyaların tərəfindədir və öz dövlətini yarada bilməyəcək".

Onun sözlərinə görə, bir neçə il əvvəl Fələstin lideri Mahmud Abbas vəziyyəti düzəltməyə cəhd edib: “Hətta Kemp-Devid sazişini bərpa etməyə cəhd göstərdi. Ancaq bu cəhdlər uğursuz oldu. Hətta Mahmud Abbas Həmas-la razılaşdı və çalışdı ki, Fələstində hamı bir platforma üzərində birləşərək Abbası Fələstin dövlətinin rəhbəri kimi qəbul edir. Amma buna qədər İsrail işini görmüşdü. Trampın iqtidarı gəlməsindən sonra Qüdsə nəzarəti ələ keçirdi, paytaxt elan etdi. Beləcə İsrailin paytaxtının Qüds şəhəri olmasını ilk ABŞ qəbul etdi, səfirliyini Tel-Əvivdən Qüdsə köçürdü”.

Sabiq dövlət müşaviri əlavə edib ki, belə bir durumda ABŞ Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinin razı sala bilib: “Beləcə bu ərəb ölkələri İsraillə dinc və yanaşı yaşamaq üçün razılaşmaya sövq edildi. Hələlik saziş Bəhreyn, Birləşmiş Ərəb Əmirliyi ilə İsrail arasında imzalanıb. Vaşinqtonda bu saziş imzalanarkən Həmas Fələstində məskunlaşan israillilərə İran silahları ilə atəş açdı. Yaxın Şərqdə indi belə mürəkkəb vəziyyət var. Bir tərəfdən danışıqlar, digər tərəfdən Həmasın hərbi qanadının fəallaşması müşahidə edilir”.

Q.Hüseynli söyləyib ki, indi faktiki ərəb dünyasında vahid mövqe yoxdur: “Bu isə Fələstin probleminin həllinə ciddi maneə yaradıb. Digər tərəfdən İranın Həmas və Hizbullah kimi təşkilatlarla yaxın əlaqələri var və bu qüvvələr vasitəsilə regionu qızışdıra bilir. İndi vəziyyətin necə olacağını demək çətindir. Amma görünən odur ki, Misir və Səudiyyə Ərəbistanı da uzaq olmayan bir dövrdə Bəhreyn və Birləşmiş Ərəb Əmirliyinin addımlarını təkrarlayacaq”.


Müəllif: Cavad

Oxşar xəbərlər