Beynəlxalq Əfv Təşkilatı (Amnesty İnternational) İran hakimiyyətindən güney azərbaycanlı milli- mədəni fəal Abbas Lisaninin azadlığa buraxılmasını tələb edib.
Teleqraf.com xəbər verir ki, təşkilat çağırış mətnində hər kəsdən təcili olaraq Abbas Lisaninin azadlığı üçün İran rəsmiləri və xarici ölkələrdəki səfirliklərinə məktub ünvanlamasını istəyib.
“İran rəsmilərindən və bu ölkənin xarici ölkələrdə akkreditə edilmiş səfirliklərindən Abbas Lisaninin azad edilməsini tələb edin. Çünki o, yalnız göstərdikləri fəaliyyətlərə görə hədəf alınıb. Müxtəlif ittihamlarla tutulan Abbas Lisaniyə qarşı çıxarılmış ittihamlar və həbs hökmü ləğv edilməlidir. Sizin fəallığınız dünyanı dəyişir”, - açıqlama bildirilib.
Təşkilat, həmçinin İranın Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Abbas Lisaninin saxta ittihamlarla həbs etməsi, ailəsi ilə əlaqə yaratmasını qadağan etməsi və təkadamlıq kamerada saxlaması kimi qanunsuzluqlarını sadalamaqla yanaşı, ona qarşı məhkəmədə ədalətsiz mühakimənin yürüdüldüyünü vurğulayıb və fəalın tezliklə azadlığa çıxmasını tələb edib.