“Beş il əvvəl Parisdə terror hadisələrindən sonra dünyada çox əhəmiyyətli hadisələr baş verdi”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur İbrahimli deyib.
Ekspert Avropa dövlətlərində yeni terror dalğasının baş qaldırdığını bildirib:
“Avropada davam edən terror dalğası və bunun dini zəmində baş verməsi, müsəlmanlar, İslam dini ilə əlaqədar olması haqqında aparılan geniş təbliğat kampaniyası ABŞ-da 11 sentyabrdan sonra olanları xatırladır. Həmçinin, 7 yanvar 2015-ci il tarixində “Şarli Ebdo” satirik jurnalının Parisdəki redaksiyasında terror aktını və onun ardından baş verənləri yada salır. Terror aktları və bu hadisələr ətrafında baş verənləri diqqətlə təhlil etdikdə, rejissor işinin detallarını çox aydın görmək olur.
Nitsa şəhərində kilsədə baş verən akt zamanı hücum edən şəxsin adamların başını kəsməsi (İŞİD-in simvollarından), yaxud KİV-in hətta ona ağrıkəsici vurulan zaman belə “Allahu Əkbər” qışqırmasını (kor fanatizm rəmzi) israrla tirajlaması, daha sonra Avstriyadakı terror aktlarının şablonlarla KİV-də təsvir edilməsi bu qənaətə gəlməyə əsas verir. Özü də çox maraqlıdır ki, bütün terrorçular oturub Fransa prezidentinin birdən-birə liberallığı, tolerantlığı, Böyük Fransa İnqilabı ideallarını bir gecədə unudub, prezident Putinlə dostluğunu yaddan çıxarıb, mühafizəkar və Moskva əleyhdarı olmasını gözləyirmişlər. Sanki, terrorçular və terror qrupları elə prezident Makrona Avropanın terrordan və islam ekstremizmindən, rus təhlükəsindən qurtaran lider obrazı yaratmağa çalışırlar”.
Zaur İbrahimli qeyd edib ki, beş il əvvəl Parisdə terror hadisələrindən sonra dünyada çox əhəmiyyətli hadisələr baş verdi:
“Yəməndə husilər hakimiyyəti götürdü, Türkiyədə AKP yenə qalib gəldi, Britaniyada avrosentrist Baş nazir Kameron hakimiyyətdən getdi, aparıcı Avropa ölkələrində mühafizəkarlar seçkilərdə qalib gəldilər. 2015-də Türkiyə Rusiya qırıcısını vurdu, nəticədə Moskva-Ankara üz-üzə gəldi. 2015-ci ildə Obama və Putin Suriyada atəşkəs sazişi imzaladılar. 2016-cı ildə baş verənlər isə Parisi partladanların ssenarilərini puça çıxardı. Türkiyədə hərbi çevriliş baş tutmadı, Ərdoğan FETÖ-nü sökdü, MHP onu dəstəklədi və “Cümhur İttifaqı” yarandı, Ankara-Rusiya tərəfdaşlığı başladı, ən önəmlisi ABŞ-da Tramp prezident seçildi, London qəti şəkildə Avropa Birliyi ilə yollarını ayırdı. Azərbaycanda 26 sentyabr Konstitusiya dəyişiklikləri referendumu keçirildi. Bu il həmçinin İtaliya referendum keçirərək siyasi sistemini radikal şəkildə dəyişdi, trampçılar daha yaxşı mövqe əldə etdilər. Türkiyədə Rusiya səfiri qətlə yetirildi, amma Moskva Ankarının üzərinə yürümədi. Bütün bu təlatümlərə baxmayaraq, Tramp sözdə müsəlmanlara qarşı sərt danışsa da Yaxın Şərqdə sabitəşməyə töhvə verdi, PKK-nı dəstəkləmək planlarına son verdi. Avropanın NATO yükünü ağırlaşdırdı.
Bütün bu olanlardan sonra 2017-ci ildə Fransada Emmanuel Makronun prezident seçilməsini açıq şəkildə liberal Avropanın ABŞ-da Trampın seçilməsinə cavabı kimi bayram edirdirlər. İndi görünür, Parisdə yenidən 2015-ci il planlarına qayıtmağa çalışırlar, xüsusən Baydenin ABŞ prezidenti seçiləcəyi təqirdə onun işini daha da asanlaşdırmaq istəyirlər”.