Almaniya Xarici işlər naziri Hayko Maas yeni Amerika prezidenti seçildikdən sonra ABŞ və Avropa İttifaqı (Aİ) arasındakı münasibətlərin yaxşılaşacağına ümid etdiyini bildirib.
Teleqraf.com xəbər verir ki, o, hazırda Aİ-Amerika münasibətlərinin o qədər də yaxşı olmadığına diqqət çəkib.
“Almaniya ilə birlikdə Amerika və Avropa münasibətlərini də yaxşılaşdırmaq istərdim. Biz Avropa və ABŞ-ın dünyadakı bütün qarşıdurmalarda, böhranlarda və müharibələrdə birlikdə işləməsindən asılıyıq. Əks təqdirdə bu münaqişələr həll oluna bilməz. Son illərdə bu, təəssüf ki, baş vermədi. Seçkilərdən sonra bunun dəyişməsini istərdim”, - alman diplomat qeyd edib.
Nazirin sözlərinə görə, ABŞ-ın növbəti prezidenti qarşısında böyük ölçüdə parçalanmış bir toplumu yenidən birləşdirmək üçün genişmiqyaslı və vacib bir vəzifə durur.
Respublikaçılar Partiyasının bir hissəsinin hazırkı Prezident Donald Trampın səslərin yenidən sayılması tələbini dəstəkləməməsinin müsbət amil olduğunu qeyd edib:
“Əminəm ki, Co Bayden növbəti prezident olsa belə, Amerikanın xarici və təhlükəsizlik siyasəti dəyişməyəcək. Amerikalılar getdikcə hansısa səbəblərdən dünyanın müəyyən bölgələrindən uzaqlaşdırılır. Çin ən böyük problem olacaq. Buna görə Avropaya daha çox qayğı lazımdır. Daha çox məsuliyyət götürməyə hazırıq, biz NATO da daxil olmaqla, avropalı və amerikalıların yenidən ağıllı şəkildə işləyəcəyinə bağlıyıq”.