ABŞ yanvarın 15-dən Əfqanıstan və İraqdakı hərbi qüvvələrinin sayını 2500-ə endirəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin səlahiyyətlərini icra edən Kristofer Miller bildirib.
Müdafiə Nazirliyində (Pentaqon) mətbuat konfransı keçirən Miller deyib: “2021-ci il 15 yanvar tarixindən etibarən Əfqanıstan və İraqdakı hərbi qüvvələrimizin sayı 2500 olacaq”.
Kristofer Miller ABŞ Prezidenti Donald Trampın qərarının milli təhlükəsizlik prioritetlərinə uyğun olduğunu və bunun milli təhlükəsizlik komandası ilə aylardır davam edən məsləhətləşmələrə əsaslandığını söyləyib.
Miller NATO Baş katibi Yens Stoltenberq və Əfqanıstan Prezidenti Əşrəf Qəni başda olmaqla bir çox müttəfiq ölkənin liderləri ilə məsləhətləşdiyini də bildirib.
2001-ci il 11 sentyabr hücumlarından sonra Əfqanıstan və İraqda antiterror əməliyyatları ilə başlayan müharibələrə son verəcəklərini vurğulayan Kristofer Miller vurğulayıb: “Uşaqlarımızı bu müddətsiz müharibələrin ağır yükündən qurtaracağıq”.
O, Trampın geri çəkilmə qərarını milli təhlükəsizlik kabinetinin tövsiyələrinə uyğun gəldiyini və bu qərarın 2016-cı ildə prezident seçkilərinə qatıldığı gündən bəri Amerika xalqına verdiyi vədə adekvat olduğunu deyib.