25 Noyabr 2020 19:26
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ATƏT-in Minsk Qrupunun 28 ildir həll edə bilmədiyi problem Azərbaycan ordusunun 44 günlük uğurlu əməliyyatları ilə sona çatdı, Ermənistan atəşkəs anlaşmasına imza atmaq məcburiyyətində qaldı”.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” agentliyində dərc olunan məqalədə bildirilib.

Məqalədə qeyd edilib ki, münaqişəyə həll yolu tapmaq üçün 1992-ci ildə ATƏT tərəfindən qurulan və 1994-cü ildən bəri ABŞ, Fransa və Rusiya tərəfindən idarə olunan Minsk Qrupu atəşkəs çağırışı və danışıqlar aparmaqdan kənara çıxa bilmədi:

“1997-ci ildən bəri həmsədrlər tərəfindən inhisara alınan həll prosesi bu günə qədər davam edib. Həmsədrlər bir çox təklif və plan irəli sürdülər, lakin cəhdlər həmişə nəticəsiz qaldı, çünki Ermənistan bu həll yollarını qəbul etmədi. ABŞ, Rusiya və Fransa hər dəfə Dağlıq Qarabağ böhranının həll ünvanını ATƏT-in Minsk Qrupu kimi göstərsələr də, Ermənistan Azərbaycan ərazilərindəki işğalını davam etdirdi. Vaxt keçdikcə Minsk Qrupu yalnız Azərbaycan və Ermənistan prezidentləri və xarici işlər nazirlərinin görüşünü təşkil edən bir quruma çevrildi.

ABŞ, Rusiya və Fransadan ibarət olan “Minsk üçlüyü” beynəlxalq hüquqa uyğun olaraq münaqişələrin sülh yolu ilə həllini təklif etmək əvəzinə, bölgədəki milli maraqlarını diktə etmək üçün status-kvonu qorumaq istədi.

Müzakirə prosesi zamanı Rusiya bölgədəki hegemonluğunu gücləndirmək və sərhədlərində milli maraqlarını qorumaq üçün addımlar atdı. ABŞ enerji və gəmiçilik yollarına nəzarətini artırmaq üçün bölgədəki iqtisadi və siyasi maraqlarını inkişaf etdirməyi hədəflədi. Fransa isə, Avropa Birliyinin (AB) maraqlarını irəli sürərək bölgədəki “iqtisadi tort”dan bir pay almaq istəyir, ölkədə fəaliyyət göstərən erməni lobbisinin tələbləri istiqamətində hərəkət edirdi”.

Məqalədə vurğulanır ki, bu illər ərzində Azərbaycanın beynəlxalq hüquqa riayət etmək çağırışları cavabsız qalıb:

“Azərbaycan məsələnin həllinə və beynəlxalq hüququn əsas prinsiplərinə əməl olunmasına çağırdı. Bakı beynəlxalq təşkilatlara, xüsusən BMT Təhlükəsizlik Şurası və həmsədrləri daha ciddi səylər göstərmək üçün müvafiq qətnamələri həyata keçirməyə dəvət etdi. Ancaq həmsədrlər problemi həll etməyə yox, çıxılmaz vəziyyəti uzatmağa çalışdılar. Yəni Azərbaycanın bu istiqamətdəki səyləri cavabsız qalıb.

Müxtəlif həll yolları axtarışlarını davamlı sabotaj edən həmsədrlər, problemi həll etmək üçün yalnız onlara səlahiyyət verilməsi tezisi üzərində israrlı açıqlamalar verdilər. Bu baxımdan, iyul ayında Ermənistanın Azərbaycan sərhədindəki təxribatından sonra Azərbaycan rəsmilərinin Minsk Qrupu və beynəlxalq təşkilatlara “həll yolunda təsirli addımlar atmağa” yönəlik israrlı çağırışları yenidən cavabsız qaldı.

ATƏT-in Minsk qrupunun bu təsirsizliyi və susqunluğu qarşısında Ermənistan sentyabrın 27-də Dağlıq Qarabağda Azərbaycana qarşı yeni təxribatlara başladı. Erməni qüvvələri Azərbaycanın mövqelərinə və mülki yaşayış yerlərinə hücum etdikdən sonra Azərbaycan ordusu bütün torpaqlarını Ermənistanın işğalından qurtarmaq üçün hərtərəfli hərbi əməliyyatlara başladı.

Azərbaycan ordusu Qarabağda başladılan əks əməliyyat nəticəsində 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. Azərbaycan ordusu torpaqlarını azad etmək üçün başladığı əməliyyatla Ermənistan ordusuna ağır zərbələr vuraraq bu ölkəni məğlub etdi. Ermənilər böyük itkilərlə geri çəkilərkən arxasında çoxlu silah-sursat qoydular”.

Məqalədə bildirilib ki, erməni ordusu savaş dövründə işğal altındakı Dağlıq Qarabağ və ətraf bölgələrdə yerləşdirdiyi tankların, zirehli texnikaların, raketlərin və artilleriya batareyalarının böyük hissəsini itirdi:

“Ermənistana məxsus 6 ədəd S-300 hava müdafiə raket sistemi daxil olmaqla bir çox ağır silah və döyüş təyyarəsi də məhv edildi. Azərbaycan ordusunun İsraildən, Türkiyədən aldığı Pilotsuz Uçan Aparatlar (PUA) qələbədə böyük rol oynadı. 44 gündə cəbhədə məğlub olan Ermənistan noyabrın 10-da Azərbaycanla Dağlıq Qarabağdakı qarşıdurmalara son qoyan bir müqavilə imzalamalı idi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər