“Hərbi əsirlər mövzusu Ermənistanda hakimiyyət uğrunda mübarizədə siyasi alət olaraq istifadə olunur”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Yeganə Hacıyeva deyib:
“Hərbi əsirlərin dəyişdirilməsində əsas maneə Ermənistandır. Bu mövzu Ermənistanda hakimiyyət uğrunda mübarizədə siyasi alət olaraq istifadə olunur. Şəxsən Paşinyan əsirlərin qaytarılmasında maraqlı deyil. Çünki o zaman ölən əsgərlərin sayı konkret bilinəcək”.
Onun sözlərinə görə, prezident Armen Sərkisyan erməni cəmiyyətində “əsir və cəsədlərin qaytarılmasında təşəbbüskar və icraçı” kimi öz adını hallandırır:
“O, bunu baş nazir olmaq fikirinin ictimai legitimliyinin əsas hissəsi kimi hesablayır. Erməni cəmiyyətinin milli-mental xüsusiyyətləri və ya “əsir və cəsədlərin qaytarılması” mövzusu ona böyük ictimai dəstək gətirir. Təsadüfi deyil ki, Armen Sərkisyan hər media ilə təmasında əsir və itkin düşmüş şəxslərlə bağlı qurumun işini tənqid, təftiş edir”.
Yeganə Hacıyeva qeyd edib ki, Ermənistandakı siyasi qüvvələr bu məsələdən öz maraqları üçün istifadə etməyə çalışırlar:
“Məsələn, Daşnaksütyun, Sasna Çrer kimi radikal qruplar cəsədlərin təhvil verilməsi üçün daha kəskin çağırışlar edirlər”.