Dünyada hərbi gücündən tez-tez bəhs olunan Rusiya bu il bir çox mühüm təlimlər keçirib.
Teleqraf.com xəbər verir ki, gücünü tez-tez məşqlərlə göstərən Rusiya 2020-ci ildə raket əleyhinə müdafiə sistemləri və ballistik raketlərin iştirak etdiyi hərbi təlimlər keçirib.
Rusiya Müdafiə Nazirliyi 2020-ci ildə həyata keçirilən raket təlimləri barədə məlumat verib. Açıqlamada təlimlərin Kapustin Yar, Yeyski, Aşuluk poliqonu və Telemba təlim sahəsi kimi bir çox nöqtədə baş verdiyi xatırladılıb və il ərzində 97-dən çox təlimin həyata keçirildiyi bildirilib.
Nazirlik manevrlərdə istifadə edilən raketlər haqqında məlumat verib: “Təlimlər zamanı 500-dən çox zenit raket və on minlərlə zenit artilleriya sursatı canlı hədəflər və pilotsuz uçan aparatlar (PUA) daxil olmaqla 600-dən çox hədəfə fokuslanıb. Bu təlimlərdə əməliyyat-taktiki və qanadlı raketlərdən istifadə edilib”.
Ən çox raket atışının “Qafqaz-2020” təlimində həyata keçirildiyi bildirilib. İlin əsas təliminin “Qafqaz-2020” olduğu, 15 dəqiqədə 62 hava hədəfinin məhv edildiyi və 50 zenit raketinə əlavə olaraq, 7 mindən çox sursatın istifadə edildiyi bildirilib.
Nazirlik bu təlimlər zamanı hava hücumundan müdafiə qüvvələrinə PUA-lar, qanadlı və ballistik raket hücumları kimi bir çox hava vasitələrinin mümkün zərbələrinə qarşı təlim verildiyini açıqlayıb.