Vaxtilə Azərbaycanda da fəaliyyət göstərmiş türkiyəli jurnalist İrfan Sapmaz hazırda fəaliyyətini ABŞ-da davam etdidir.
O, ABŞ-dakı son vəziyyətlə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.
- İrfan bəy, hazırda ABŞ-da vəziyyət necədir?
- 3 noyabr prezident seçkilərindən sonra ABŞ çox kritik durumla üzləşdi. Bir yandan pandemiyanın dünyanı cənginə alması, bir yandan iqtisadi böhran - bu hadisələrin kölgəsində ABŞ-da seçkilər keçirildi. Ötən günlərdə, mənim də 5 saat canlı yayımla izlədiyim, konqres binası basqın həyata keçirildi. Bu, Amerikadakı vəziyyəti daha da gərginləşdirdi. Nəticədə respublikaçılarla demokratlar arasında daha böyük gərginlik start götürdü.
Hazırda demokratlar ABŞ konstitusiyasının 25-ci maddəsinə görə, konqresin ən azı 50 faizinin razılığı ilə vitse-prezident Mayk Pensin Donald Trampı vəzifədən azad etməsini istəyirlər. Amma Mayk Pens hələ ki, buna münasibət bildirməyib. Heç reaksiya bildirəcəyini də düşünmürəm.
Hazırda o, vitse-prezidentdir, Donald Trampın yanındadır, respublikaçıdır.
- Donald Tramp yeni prezident Co Baydenin andiçmə mərasiminə qatılmayacağını açıqladı.
- Bəli, 20 yanvara cəmi bir neçə gün qalıb. Respublikaçılar demokratları bu mübarizəni dayandırmağa çağırır. Demokratlar bu gün Nümayəndələr Palatasında vitse-prezident Mayk Pensin Donald Trampı vəzifədən azad etməsinə nail ola bilməsələr, başqa bir yol qalır. Mümkündür ki, Nümayəndələr Palatası Trampın vəzifədən getməsi üçün özü qərar çıxarsın. Bu, olacaq, ya yox, görəcəyik.
Bu günə qədər demokratlar arasında təxminən 200-ə qədər konqresmen Tramp əleyhinə imza toplamağa çalışır. Bununla Donald Trampı konqres qərarı vermədiyi halda, Nümayəndələr Palatasının səsverməsi ilə vəzifədən azad etmək istəyirlər.
Siyasi vəziyyət budur, yəni son dərəcə gərgindir. İlk dəfə 1800-cü illərdə ingilislər konqres binasına basqın edib, Ağ evi yandırmışdılar. Amerika tarixində təxminən 207 il sonra eyni hal təkrarlanır.
Donald Tramp andiçmə mərasiminə qatılmayacağını açıqladı. Prezidentlərin özlərindən sonra vəzifəyə gələcək adama postu təhvil vermək üçün andiçmə mərasiminə qatılmaması Amerika tarixində 4-cü dəfə baş verəcək. Vəziyyət kritikdir.
- Sizcə, bu proseslər fonunda andiçmədən sonra nə ola bilər?
- Donald Trampın yeni partiya quracağı haqqında şayiələr dolaşır. Partiyanın respublikaçılardan ibarət olacağı deyilir. Donald Tramp özü açıqlama verməsə də, mesajları 2024-cü ildə yenidən prezident seçkilərinə qatılacağından xəbər verir. Məlumdur, Trampın Tvitter hesabları donduruldu, şəxsi Tvitter hesabı bağlanıldı.
Hazırda Tramp öz tərəfdarlarına gözləməyi tapşırıb. Çünki o, Amerikada 150 milyon vətəndaşdan təxminən 75 milyon səs toplayıb.
COVID-19 pandemiyası da vəziyyəti çətinləşdirir. Əyalətlərdə, xəstəxanalarda yer yoxdur. Bir yandan siyasi krizis, bir yandan səhiyyədəki vəziyyət durumu ağırlaşdırır. 2 milyon Amerika vətəndaşı bu müddətdə işsiz qaldı, rəqəmlər hər gün artmaqdadır. Co Bayden 20 yanvarda vəzifəsini icra etməyə başlayacaq.
Hazırda Donald Tramp 20-dən artıq insan üçün əfv fərmanı imzalayıb. Özü və ailəsi üçün də əfv fərmanı hazırlayacağı barədə fikirlər gəzir. Amerika tarixində bu günə qədər belə bir şey olmayıb. Deyə bilərik ki, Amerika 2021-ci ilə yeni səhifələrlə başladı.
- Baş verənlərə vətəndaşların münasibəti necədir?
- Amerika vətəndaşları baş verənlərdən kifayət qədər narahatdırlar. Konqres binasına basqın böyük narazılıqlara səbəb oldu. Prezident Trampın Ağ ev qarşısında danışması, "siz gedin, ardınızca gələcəm" deyib, sonra onları yarı yolda qoyması respublikaçılar arasında xəyal qırıqlığına səbəb oldu. Tərəfsiz, normal həyata davam edən amerikalılar bu hadisələrdən təbii ki, narazıdırlar.
Demokratiya, söz azadlıqlarına təhlükə, konqres binasına basqın son dərəcə narahatlıq yaradır. Bir yandan COVID-19, bir yandan iqtisadi çöküş, bir yandan da siyasi böhran ölkəni bürüyüb.
İkinci ildir ABŞ-da yaşayıram. Mütəmadi olaraq vətəndaşlarla ünsiyyətdəyəm, deyirlər ki, onlar üçün ən vacibi demokratiya və söz azadlığıdır, əgər bu onların əllərindən alınsa, hər şey bitmiş sayılacaq. Onlar deyirlər ki, atalarımız, babalarımız öz ölkələrindən qaçıb Amerikaya gəliblər. Sırf söz azadlığı olan, demokratik ölkədə yaşamaq üçün bunu ediblər.
Təsəvvür edin, demokratiyanın beşiyi adlanan ABŞ-da konqres binasına basqın edilir, nəticədə 4 nəfər həlak olur.
- Siz də dediniz ki, ABŞ demokratiyanın beşiyi hesab olunur. Bu hadisələrdən sonra ABŞ-ın başqa ölkələrə demokratiyaya görə tələb irəli sürməsi nə dərəcədə məntiqi olacaq?
- Baş verən hadisələr kimsəni yanıltmasın. Konqres binasına basqın bir neçə respublikaçı tərəfdarın təxribatıdır. Bu o demək deyil ki, ABŞ-da söz azadlığı yoxdur. Bunu belə dəyərləndirmək doğru deyil, çünki mən amerikalılarla daima ünsiyyətdəyəm, həyatım onların arasında keçir.
Amerika bütün dünyaya demokratiya ixrac etdiyi zaman konqres binasına basqın nəticəsində hər şeyə son qoyulmur... ABŞ 330 milyonluq ölkədir, burada oturuşmuş sistem, kök salmış dövlətçilik ənənələri var. Əlbəttə, baş verən hadisələrə cavab verən olacaq. Ölkədəki bütün aidiyyəti orqanlar diqqətini buna yönəldib. 50-dən artıq insan həbs olunub.
Təbii ki, bu hadisələr nəticəsində Amerika demokratiyası böyük zədə aldı. Bütün amerikalılar bunu deyirlər. Ötən gün qaradərili Amerika sakini ilə söhbətləşdim. Dedi ki, 20-25 il əvvəl məktəbə gedəndə konqres binasına girər, kitabxanada dərslərimizi hazırlayardıq. İndi konqres binasının belə bağlı olması məni çox üzdü.
Doğrudur, Amerikanın nüfuzuna xələl dəydi. Amma Amerikada güclü media var, onları susdurmaq elə də asan deyil...