Türkiyəli təhlükəsizlik mütəxəssisi Coşqun Başbuğ Qvineya sahillərində dəniz quldurları tərəfindən Türkiyə şirkətinə məxsus “Motsart” adlı gəmiyə edilən hücum barədə şok iddia irəli sürüb.
Teleqraf.com xəbər verir ki, ekspert hücumun planlı şəkidə həyata keçirildiyini bildirib.
Onun sözlərinə görə, quldurluq fəaliyyəti əmlakı ələ keçirmək və ya pul əldə edilməsinə yönəlsə də, sözügedən hücumda qəsd olduğu aşkardır: "Bu cür hücumlar, adətən, səhər saatlarında gerçəkləşdirilir, lakin bu basqının əmlak ələ keçirmək üçün təşkil edilib-edilmədiyi şübhə doğurur".
Başbuğ hücumun Türkiyəyə mesaj ola biləcəyini ehtimal edir. Fransanın Afrika regionunda təsirini vurğulayan mütəxəssisin fikrincə, rəsmi Parisin Ankaraya qarşı dəniz quldurlarından istifadə etməsi mümkündür: "Unutmaq olmaz ki, Türkiyənin Şərqi Aralıq dənizi və Afrikada atdığı addımlar bəzi Qərb ölkələrini narahat edir".
Qeyd edək ki, “Motsart” adlı türk gəmisinə nigeriyalı dəniz quldurlarının hücumu zamanı 19 heyət üzvündən 15-i girov götürülüb, Fərman İsmayılov adlı azərbaycanlı mühəndis isə öldürülüb.