25 Yanvar 2021 11:23
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağ Evdən çıxdığı gün “Bir yolunu tapıb qayıdacağam” deyən ABŞ-ın keçmiş prezidenti Donald Trampın Respublikaçılar Partiyası daxilində fəaliyyətə başladığı bəlli olub.

Teleqraf.com xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti məlumat yayıb.

Nəşrin iddiasına görə, Respublikaçılar Partiyasındakı çəkisini hiss etdirmək və gücünü qorumaq istəyən Tramp rəqiblərinə qarşı alternativ simaları dəstəkləməyə qərar verib. Arizonada ilk addımı atan Tramp prezidentliyi dövründə sadiq tərəfdarı partiyanın Arizona ştatı üzrə rəhbəri Kelli Uardı dəstəkləyib və şənbə günü keçirilən seçkilərdə ikinci dəfə eyni vəzifəyə seçilməsini təmin edib. Kelli Uardın yüzdə 51.5 faiz səslə seçildiyi və bu nəticənin Trampın prezidentliyindən sonra ilk qələbəsi olduğu bildirilib.

Trampın bu addımının fevralın 8-də Senatda başlayacaq impiçment səsverməsi ilə bağlı Respublikaçılar Partiyasına bir mesaj olduğu deyilib. Respublikaçı seçicilər arasında Trampa dəstək nisbətinin 82 faiz olduğu vurğulanıb.

Trampın prezidentliyi dövründə Respublikaçılar Partiyasında ona qarşı çıxan şəxslərin yenidən seçilməsinə imkan verməyəcək addımların atılması ilə bağlı təlimat verdiyi iddia edilib. Bu adlar arasında Nümayəndələr Palatasında ikinci impiçment səsverməsində Trampın əleyhinə səs verən Respublikaçılar Partiyasından olan senator Liz Çeyninin, Corciya qubernatoru Brayan Kemp, senatorlar Liza Murkovski və Tom Raysın olduğu deyilib.

Trampın seçki dairələrində namizədlərə qarşı çıxmaq əvəzinə alternativ simaları dəstəkləmək üçün hərəkətə keçdiyi bildirilib. Trampın xüsusilə Liz Çeyninin partiyadakı mövqeyini sarsıtmaq istədiyi qeyd olunub.

Donald Trampın “Vətənpərvərlər Partiyası” adı altında üçüncü bir partiya qurma təşəbbüsü və müxalifət partiyalarını hədəf alması Respublikaçıların Kevin Makkarti, Lindsey Qraham və Ronna Makdaniel kimi lider şəxslərini də narahat edir.


Müəllif: Mənsur Rəğbətoğlu