İsveç Hərbi Dəniz Qüvvələrinin 31 yaşlı türk əsilli zabiti Dəniz Arda ötən il noyabrın 18-də paytaxt Stokholmda itkin düşüb, 3 aya yaxındır tapılmır.
Teleqraf.com xəbər verir ki, Ardanın atası Yüksəl Arda oğlu ilə əlaqədar Türkiyənin Stokholmdakı səfiri Əmrə Yuntla görüşüb.
Ata oğlunun üç aya yaxındır axtarıldığını və hələ heç bir izin tapılmadığını bildirib.
O, oğlunun çox xüsusi təlim keçmiş zabit olduğunu və İsveç silahlı qüvvələrində xidmət etdiyini deyib: “Oğlum Stokholmda yoxa çıxdı. Üç ay əvvəl bir idman salonunda məşq etdikdən sonra oradan çıxma görüntüləri təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Bundan sonra hara getdiyi, nə baş verdiyi məlum deyil”.
O, oğlunun sosial şəbəkələrdə dostlarına göndərdiyi son mesajında Stokholmun Naçka bölgəsinə gedəcəyini, uzun müddət orada qalacağını yazdığını deyib: “Üç aya yaxındır Naçkada axtarışlar aparılır, amma bir iz yoxdur”.
Polis qətl, adam oğurlama və ya itkin düşmə ehtimalları üzərində işləyir.