“İrana nüvə silahı əldə etməsinə imkan verməyəcəyik”.
Teleqraf.com xəbər verir ki, bunu İsrailin müdafiə naziri Benni Qantz deyib.
İranın nüvə proqramının regiona qarşı təhlükə və təhdid olduğunu söyləyən Qantz qeyd edib ki, İsrail ordusu bu təhdidlərin qarşısını almaq üçün lazım bildiyi vaxt hərəkətə keçəcək:
“Regionda müharibə baş versə, çox sayda mülki insanı da özünə cəlb edəcək. Bu, təkcə ordular arasında bir savaş olmayacaq. İsrailin hədəfi bəllidir. Hədəfimiz İran nüvə silahı əldə etməsinə imkan verməməkdir. Bu hədəf təkcə İsrailin maraqlarını təmin etməyə hesablanmayıb, bu, həm də hər şeydən əvvəl beynəlxalq və regional maraqları qorumaq üçündür”.
Qantzın sözlərinə görə, İsrail İranın nüvə proqramına qarşı hərbi seçim variantını özündə saxlayır və lazım bildiyi vaxt bundan istifadə edəcək: “Ümid edirəm ki, iş bu yerə gəlib çatmayacaq”.