Şərqi Afrikanı bürüyən səhra çəyirtkələrinin yeni sürülərinin Somalinin cənub əyalətində fermerlərə ciddi ziyan vurmasından sonra ölkədə fövqəladə vəziyyət elan edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Somali dövlət televiziyası məlumat yayıb.
“Somali Kənd Təsərrüfatı Nazirliyi çəyirtkələrin ölkəyə gözlənilməz hücumu səbəbindən fövqəladə vəziyyət elan edib”, - məlumatda bildirilib.
Qərar Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri, əyalətlərinin kənd təsərrüfatı nazirləri və BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının (FOA) rəsmiləri ilə görüşdən sonra qəbul edilib.
Keniyadakı bir çox bölgənin Efiopiya və Sudandan gələn səhra çəyirtkələri tərəfindən “işğal” edildiyi bildirilib.
Qida təhlükəsizliyi üçün böyük təhlükə yaradan çəyirtkə sürüləri, keçən il bölgədə yüz minlərlə hektar əkin sahəsinə ziyan vurub. Bir kvadrat kilometr sahədə yer alan 40-80 milyon çəyirtkə təkcə bir gündə 35 min nəfərə bəs edəcək qədər qida istehlak edə bilir.
Çəyirtkə sürüləri hər gün 150 kilometr yol qət edir.