11 Fevral 2021 11:03
1 705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələri PKK terror təşkilatının İraqın şimalındakı Qara bölgəsindəki mövqelərinə qarşı “Pəncə: Qartal-2” əməliyyatına başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin verdiyi açıqlamada bildirilib.

Türk ordusunun İraqın şimalında həyata keçirdiyi “Pəncə” əməliyyatları nəticəsində ağır itki verən PKK-nın hələ də bölgədə varlığını davam etdirdiyini müəyyən etdikdən sonra hərəkətə keçdiyi bildirilib. PKK-nın irimiqyaslı hücumlara hazırlaşdığı da diqqətə çatdırılıb.

Əldə olunan kəşfiyyat məlumatları əsasında PKK-nın Qaradakı mövqeləri və sığınacaqları pilotsuz uçan aparatlar (PUA) və döyüş təyyarələri tərəfindən darmadağın edilib.

Hava Qüvvələrinin kəşfiyyat xarakterli əməliyyatından sonra Quru Qoşunlarının elit bölmələri bölgəyə enib. “Pəncə: Qartal-2” hava əməliyyatının başa çatmasından sonra bölgədə “Pəncə: Qaplan-2” əməliyyatının başlayacağı gözlənilir.

Terror təşkilatı bu yaxınlarda Sincara gedən yolu bağlamaq üçün “Sincarın qapısı” sayılan Qarada çoxsaylı sığınacaq və mövqelər qurub. Məlumata görə, əməliyyatların sonunda bölgə tamamilə terrorçulardan təmizlənəcək və Sincar qapısı açılacaq. Bu yöndə ilk əməliyyatların 2020-ci ilin iyun ayında keçirildiyi bildirilib. Bu əməliyyatlarda PKK-nın Zap, Avaşin Basyan, Haqurq, Şam Dağı, Qaracaq, Sincar və Haftanindəki hədəfləri məhv edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər