Bu ay Türkiyə və Avropa Birliyi (AB) liderləri arasında keçiriləcək görüşlər Ankara-Brüssel münasibətlərində yeni yol xəritəsinin ilk təməlini atacaq.
Teleqraf.com xatırladır ki, ötən həftə keçirilən AB-yə üzv ölkələrin liderlərinin zirvə görüşündən sonra aprelin 6-da dövlət başçılarının Türkiyəyə səfər edəcəyi məlum olub.
Ankaraya gələcək AB Şurasının sədri Çarls Mişel və AB Komissiyasının sədri Ursula von der Leyen Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanla müzakirələr aparacaq. Bu səfər AB-Türkiyə münasibətlərdə yaranan isti atmosferin davam etdirilməsi və Ankara-Brüssel arasında yeni yol xəritəsinin təməlinin atılması baxımından əhəmiyyətli sayıla bilər.
Türkiyəyə gələcək AB liderlərinin çantasında əsas 6 məsələnin olduğu deyilir.
Bunlardan birincisi Gömrük Birliyidir. Ankara ilə əməkdaşlıq sahəsinin yarana biləcəyi istiqamətlərdən biri Gömrük Birliyi razılaşmasının tətbiqidir. Razılaşmanın gücləndirilməsinə hər iki tərəf isti yanaşır.
İkinci məsələ Qaçqınlar və Maliyyə yardımı ilə əlaqəlidir. Bura “Geri qayıdış” razılaşmanının gücləndirilməsi daxildir. Türkiyəyə qaçqınların saxlaması üçün maliyyə dəstəyinin davam etdirilməsi ilə yanaşı AB liderləri tərəfindən yeni paketin təqdim olunması da gözləniləndir. Yeni maliyyə yardımını nəzərdə tutan paketin 4,5 və ya 5 milyard avro civarında olacağı ehtimal edilir.
Vizasız gediş-gəliş üçüncü məsələ sayıla bilər. Buraya türk vətəndaşların Şengen zonasına vizasız səyahət etməsi daxildir. Mümkündür ki, bu məsələ aprelin 6-da Ankarada baş tutacaq görüşdə masaya çıxarılsın. Türkiyə bununla bağlı AB-nin son addımını gözləyir.
Şərqi Aralıq dənizi bu sırada dördüncü istiqamətdir. AB liderlərinin çantasında olan məsələlərdən biri də bu olacaq. Zamanında Ankara Şərqi Aralıq dənizi konfransının çağırılması təklifi ilə çıxış edib. Brüssel buna isti yanaşıb.
Müzakirələrə Suriya məsələsi də daxil olacaq. BMT, AB Suriya daxilində və bölgə ölkələrində olan suriyalılara dəstək üçün təşkil edilən konfransda 6,4 milyard yardım məsələsi gündəmdə olub.