Rusiya iqlim dəyişikliyi kimi qlobal problemlərin həllini beynəlxalq əməkdaşlığın artırılmasında görür.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin iqlim dəyişikliyi mövzusunda dünya liderlərinin qatıldığı onlayn konfransda bəyan edib.
ABŞ Prezidenti Co Baydenin təşəbbüsü ilə keçirilən konfransa dünyanın aparıcı dövlətlərinin başçıları qatılıb.
Belə bir qlobal konfransın əhəmiyyətinə işarə edən Putin deyib ki, iqlim dəyişikliyi ilə bağlı narahatçılığı paylaşır və bu problemin həllinin beynəlxalq əməkdaşlığın gücləndirilməsində görür:
“Planetimizin taleyi, hər bir ölkənin inkişafı və insanların rifahı bu təşəbbüslərin uğurundan asılıdır. BMT üzərindən əldə olunan razılaşmaların, dövlətlərin istixana qazlarının emissiyasının azaldılması üzrə birgə işin hüququ əsasıdır".
Rusiyanın sözügedən sahədə beynəlxalq öhdəliklərini yerinə yetirməkdə məsul olduğunu dilə gətirən Putin karbon emissiyalarına nəzarət və azaltma qanunlarının hazırlanması üzərində işlərin davam etdirildiyini də açıqlayıb. Bu emissiyaların 2050-ci ilə qədər böyük ölçüdə azaldılmasını hədəfləyən deyən rus lider istixana tullantılarını da azaltdıqlarını xatırladıb.
İqlim dəyişikliyinə dair problemlərə toxunan Vladimir Putin qlobal istiləşməyə səbəb olan bütün faktorların diqqətə alınmalı olduğunu nəzərə çatdırıb: “Bu istiqamətdə hər növ zərərli tullantıların hesablanması və izlənməsi mövzusunda geniş və təsirli beynəlxalq əməkdaşlığın qurulması vacibdir. Düşünürük ki, aşağı karbonlu texnologiyaları daha sıx inkişaf etdirmək lazımdır. Bu konteksdə əhəmiyyətli iqlim proyektlərinə birlikdə sərmayə qoymaq vacibdir”.
Bu mövzuda müxtəlif layihələr təklif etməyə hazır olduqlarını və ölkəsində təmiz texnologiyalara sərmayə qoymaq istəyən xarici şirkətlərə dəstək olmağa hazır olduqlarını açıqlayan Putin Rusiyanın iqlim dəyişikliyi kimi qlobal problemlərə təsirli həll yolu tapmaq üçün beynəlxalq əməkdaşlığı gücləndirməyi təklif edib.
Xatırladaq ki, Putinin rus ordusunun Ukrayna sərhədlərindən geri çəkilməsi haqda qərarından sonra onun iqlim dəyişikliyinə dair beynəlxalq konfransda hansı mesajlar verəcəyi diqqətlə izlənilirdi. Görünən budur ki, rus lider beynəlxalq əməkdaşlığın gücləndirilməsinə tərəf olduqları mesajlarını verdi.