8 May 2021 12:20
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İqtisadi əməkdaşlıq məsələləri üzrə Gürcüstan-Azərbaycan Hökumətlərarası Komissiyasının növbəti iclasının Bakı şəhərində bu ilin payızında keçirilməsi nəzərdə tutulub”.

Bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze yerli mətbuata müsahibəsində deyib.

Onun sözlərinə görə, bu məsələ Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana rəsmi səfəri çərçivəsində müzakirə olunub: “İclasın sentyabr ayında keçiriləcəyi gözlənilir. Toplantıda bir sıa önəmli məsələlərin müzakirəsi planlaşdırılır”.

Səfir iclasın iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi, ticarət dövriyyəsi həcminin artırılması, investisiyaların cəlb olunması və yeni iş yerlərinin açılmasına əlavə təkanın verəcəyini bildirib.

Z.Pataradze qeyd edib ki, Komissiyanın iclasına paralel olaraq Gürcüstan-Azərbaycan biznes forumu da təşkil olunacaq: “Gürcüstanın müxtəlif biznes sektorlarında fəaliyyət göstərən şirkətlərin nümayəndələri Azərbaycana səfər edəcək. Onlar Bakıda həm ikitərəfli görüşlər keçirəcək, həm də Azərbaycandakı biznes mühit barədə ətraflı məlumat əldə edə biləcəklər”./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər