“Avropa Belarusdakı vəziyyətə Rusiya ilə birlikdə həll yolu tapmalıdır”.
Teleqraf.com xəbər verir ki, bunu Fransanın dövlət katibi Klement Bon deyib.
“Siyasi dialoq qurmaq üçün Rusiya ilə müzakirələrə davam etməliyik ki, cənab Lukaşenko ən qısa müddətdə postundan getsin. Avropadakı son diktatura olan Belarus demokratiyaya keçid etsin”, - Bon qeyd edib.
Diplomat Moskva ilə dialoqun ATƏT çərçivəsində aparılmalı olduğunu söyləyib.
O, eyni zamanda, “Ryanair” təyyarəsi ilə əlaqədar olaraq Belarus tərəfinə qarşı sanksiyaların genişləndirilməsini dəstəklədiyini vurğulayıb.
Qeyd edək ki, mayın 23-də Afina-Vilnüs marşrutu ilə hərəkət edən “Ryanair” təyyarəsi bomba ilə bağlı xəbərdarlıqdan sonra Minskə təcili eniş edib. Nəticədə təyyarədə olan “NEXTA” Teleqram kanalının qurucusu Roman Protaseviç saxlanılıb.
Avropa Komissiyasının (EC) rəhbəri Ursula van der Leyen bunu “qəbuledilməz” adlandırıb.