Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasında görüş fasilələrlə və formatlardakı dəyişikliklərlə 4-5 saat davam edəcək.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
Putin və Baydenin ilk tamformatlı görüşü sabah Cenevrədəki “La Qranj” villada baş tutacaq. Danışıqlar üç hissədən ibarət olacaq - əvvəlcə məhdud, daha sonra geniş tərkibdə keçiriləcək, bundan sonra hər tərəf ayrıca mətbuat konfransı təşkil edəcək. Birinci hissədə Putini xarici işlər naziri Sergey Lavrov, Baydeni dövlət katibi Entoni Blinken müşayiət edəcək.
Rusiya nümayəndə heyətinin tərkibinə Lavrovdan əlavə prezidentin köməkçisi Yuri Uşakov, prezidentin mətbuat katibi Dmitri Peskov, Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov, Baş Qərargah rəisi Valeri Gerasimov və xarici işlər nazirinin müavini Sergey Ryabkov daxildir.
Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozak və prezidentin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev də görüşə dəvət olunublar. Onların iştirakı Putin və Baydenin Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklərini göstərir. Bir gün əvvəl Uşakovun dediyi kimi, söhbət zamanı Belarusa və Aleksey Navalnının həbsi məsələsinə toxunula bilər.
Danışıqlardan sonra Rusiya Prezidentinin isveçrəli həmkarı ilə ikitərəfli görüşü baş tutacaq, sonra Putin Rusiyaya uçacaq.