22 İyul 2021 15:44
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Cinasu vilayətinin paytaxtı olan Nankin şəhərinin bütün sakinləri yeni növ koronavirus testindən keçirilir.

Teleqraf.com Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinə istinadla xəbər verir ki, şəhərin “Lukou” beynəlxalq hava limanının 17 işçisinin COVID-19 infeksiyasına yoluxması aşkarlandıqdan sonra belə bir qərar qəbul olunub. Artıq hava limanının yerləşdiyi Ciannin rayonunun 1,9 milyon sakini test edilib. İndiyədək 22 nəfərin yoluxması aşkarlanıb.

Hava limanının yerləşdiyi Lukou adlı ərazi də daxil olmaqla 29 məhəllədə qapanma, 10 məntəqə isə orta riskli zona elan edilib. Bu yaşayış məntəqələrində məskunlaşan təxminən 30 min sakinə ərzaq və gündəlik tələbat mallarını evlər idarələrinin əməkdaşları çatdırırlar.

Ümumilikdə, 9,3 milyon əhalisi olan Nankinin 11 rayonunun sakinlərinin test edilməsi bir neçə günə başa çatacaq. Səlahiyyətli qurumlar sakinlərə ciddi səbəb olmadığı halda şəhərdən çıxmamağı tövsiyə edib. Təcili səbəblərə görə şəhərdən çıxmalı olanlar isə COVID-19 testinin neqativ nəticəsini təqdim etməlidirlər. Tədris mərkəzlərində təlimlərin dayandırılmasına qərar verilib. Nankin şəhərinin ətrafında yerləşən yaşayış məntəqlərinin son 14 gün ərzində Nankinə səfər etmiş sakinlərinin testdən keçməsi əmr olunub.

Virus ocağının aşkarlanması üçün epidemioloji araşdırma başlanılıb. Nankinin səhiyyə komitəsinin direktoru Fan Conyou aeroport işçiləri arasında yoluxmaların xarici ölkələrdən gələnlərlə əlaqəli ola biləcəyini ehtimal edir.

Qeyd edək ki, ötən ilin mayında Çində pandemiya nəzarət altına alınandan sonra kütləvi yoluxmalar qeydə alınmayıb. Bir neçə yaşayış məntəqəsində az sayda yoluxmalar olub ki, səlahiyyətli qurumlar həmin yoluxma zəncirlərinin ölkə xarici ilə əlaqəli olduğunu bəyan ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər