NATO tarixində ilk dəfə bir qadın hərbi alyansın sükanı arxasına keçə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə politoloq Yeganə Hacıyeva danışıb.
Ekspert alyansın rəhbər postlarına namizədlərin ikisi ilə tanış olduğunu bildirib: “NATO-nun yeni baş katibi postuna olan namizədlərin üçü də qadındır. Belə ki, Litvanın eks prezidenti Dalya Qribauskayte, Xorvatiyanın keçmiş prezidenti Kolinda Qrabar-Kitaroviç və Estoniyanın hazırkı Prezidenti Kersti Kaluylayd NATO baş katibliyinə namizəddir. Seçkinin keçiriləcəyi vaxta qədər - 2022-ci ilin sentyabr ayınadək Kaluylaydın prezidentlik müddəti bitmiş olacaq.
Litvanın keçmiş prezidenti Dalya Qribauskayte NATO-nun baş katibi olaraq Yens Stoltenberqin yerinə ən potensial seçim olaraq görülür. Eks-prezidentlər Dalya Qribauskayte və Kolinda Qrabar-Kitaroviç Azərbaycanın dostlarıdırlar və mən hər ikisi ilə şəxsən tanışam.
Dalya Qribauskayte ilə Litva parlamentində Demokratiya Forumu, eləcə də Litva Xarici İşlər Nazirliyinin Avropa Birliyi Şərq Tərəfdaşlıq ölkələri Gənc Liderləri proqramları çərçivəsində tanışlığımız və Litva Müstəqillik Günündə həsr olunmuş tədbirdə ünsiyyətimiz olub. Sonuncu tədbirə Litva Prezidenti adından dəvətnamə ilə qatılmışdım.
Xorvatiyanın keçmiş prezidenti Kolinda Qrabar-Kitaroviçlə isə NATO-nun İstanbul Sammiti günlərində Yaxın Şərq ölkələri səfirliklərindən birinin mədəniyyət gecəsində tanış olmuşduq. Hər iki xanım güclü lider, inanılmaz güclü xarizma sahibləri və ən əsası çox maraqlı həmsöhbətdirlər. Mənim də bu seçimdə fovaritim Dalya Qribauskaytedir”.