15 Avqust 2021 12:26
2 177
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşa Prezidenti Andjey Duda ABŞ və İsrailin etirazlarına baxmayaraq, ölkəsində kommunist rejimi dövründə müsadirə edilən Holokost qurbanlarına məxsus mülklərin geri qaytarılmasını məhdudlaşdıran qanunu imzalayıb.

Teleqraf.com xəbər verir ki, Polşa parlamenti müvafiq qanuna düzəlişi avqustun 11-də qəbul edib.

Qanunun Dudanın imzası ilə qüvvəyə minib. ABŞ Dövlət katibi Entoni Blinken bundan əvvəl Polşa prezidentinə zəng edərək qanuna veto qoymasını istəyib.

Blinken qeyd edib ki, bu düzəliş Holokostdan sağ çıxanların və onların ailələrinin, habelə digər yəhudi və ya yəhudi olmayan mülkiyyətçilərin kommunist Polşada rejimi dövründə haqsız olaraq müsadirə edilmiş mülklərinin geri qaytarılması prosesini ciddi şəkildə məhdudlaşdıracaq.

Dəyişikliyə etiraz edən İsrail Xarici işlər naziri Yair Lapid bu addımın Holokost və qurbanlarının xatirəsinə zərər verəcəyini deyib.

Qanunun qüvvəyə minməsindən sonra İsrailin Polşaya təyin etdiyi yeni səfiri bu ölkəyə göndərməkdən imtina etdiyi açıqlanıb.

Xatırladaq ki, İkinci Dünya Müharibəsindən əvvəl Polşada 3.5 milyon yəhudi yaşayıb. Kommunist rejimi müharibədən sonra öldürülən yəhudilərin və qeyri-yəhudilərin əmlaklarını müsadirə edib.

1989-cu ildə Polşada kommunist rejiminin süqutundan sonra keçmiş daşınmaz əmlak sahiblərinə yenidən mülklərini tələb etməyə icazə verilib. Bu məsələ ilə bağlı məhkəmələr qarşısında çoxsaylı iddialar qaldırılsa da, Polşada bu problemi hərtərəfli həll edəcək və zərərçəkmişlərə təzminat verəcək əhatəli qanun qəbul edilməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər