Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas Əfqanıstandan təhlükə yaranacağı təqdirdə Tacikistana yardım göstərəcəklərinə söz verib.
Teleqraf.com xəbər verir ki, bu barədə blokun saytında məlumat yayılıb.
Zas bildirib ki, Əfqanıstan ərazisinin Taliban hərəkatının nəzarətinə keçməsi və ölkədəki faktiki hakimiyyət dəyişikliyi bölgədəki vəziyyətə əhəmiyyətli dərəcədə təsir edir və dərin narahatlıq yaradır.
Onun sözlərinə görə, KTMT-nin əsas məqsədi üzv dövlətlərin təhlükəsizliyini təmin etməkdir:
“Eyni zamanda, təşkilatın fəaliyyətində prioritet yenə də siyasi və diplomatik vasitələrə verilir. Vəziyyətin ağırlaşması və Tacikistan Respublikasının təhlükəsizliyinə təhlükə yarandığı təqdirdə müttəfiqə yardım göstərmək üçün bütün lazımi kollektiv tədbirlər görüləcək”.
Bundan əvvəl o, KTMT -nin Əfqanıstanla sərhəddə hərbi təlimlərə hazırlaşdığını bildirib.