Rusiya ilə Türkiyə arasında tərəfdaşlıq əlaqələri var, ancaq bu, ölkələrin mövqelərində heç bir fərqin olmadığı anlamına gəlmir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov bildrib.
“Əhəmiyyətli fikir ayrılıqlarından biri Krım məsələsi ilə bağlıdır. Türkiyəli həmkarlarımızın bu mövqeyini qəbul etmirik, biz bunu tamamilə qeyri-düzgün hesab edirik”, - deyə Rusiya Prezidentinin mətbuat katibi bildirib.
O, Moskvanın bundan sonra da səbrlə türkiyəli həmkarlarına “Rusiyanın bu regionu ilə bağlı real vəziyyəti” izah etməyə davam edəcəyini vurğulayıb.
Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Mövlud Çavuşoğlu Kiyevin dəvəti ilə dünən “Krım platforması”nın sammitinə qatılıb. O, orada deyib ki, hazırkı təşəbbüs yarımadanın Ukraynaya qaytarılmasında mühüm rol oynayacaq.
D.Peskov daha əvvəl forumu anti-Rusiya və “son dərəcə qeyri-dost” tədbiri adlandırmışdı.