Fəzail Ağamalı: "Saqqallı insan görəndə vahimə keçirirəm"
"Birinci sinfin şagirdinin başında hicab görəndə ağlım başımdan çıxır. Axı, hicab islamın vacib atributu deyil. Hicabla bağlı qərarı gənc qızlar 18 yaşı tamam olandan sonra verməlidir. İslamın əsas atributu insanlara yardım etmək, böyük əxlaqi dəyləri öz hərəkətində nümayiş etdirməkdir".
Teleqraf.com-un məlumatına görə, bu fikirləri millət vəkili Fəzail Ağamalı “Milli-mənəvi dəyərlərimiz: tarixilik, varislik və müasirlik” mövzusunda keçirilən tədbirdə deyib.
Millət vəkili bildirib ki, hicabla bağlı ölkəmizə təzyiqlər olur. Bunu Azərbaycanın əsas probleminə çevriliblər. Dini təriqətlərin yayılmasında mollaların roluna toxunan millət vəkili onların bir sıra ölkələrin siyasətini təbliğ etdiyini deyib:
“Bəzi din xadimləri yas mərasimlərində ləhcələrini dəyişir, müxtəlif xarici qüvvələrin təsirinə düşürlər. Azərbaycan əleyhinə köklənmiş din adamları ölkəmizə gələrək iranı, farsı təbliğ edir. Ölkəmizdə din təhsili alan gənclərimiz buna imkan verilməməlidir. Xarici qüvvələr müxtəlif təriqətlərdən Azərbaycana qarşı istifadə edilir. Azərbaycanda heç vaxt təriqət olmayıb. Bu gün bu məsələnin qabarıq şəkildə üzə çıxmasının başlıca səbəbi Azərbaycanı istəməyən qüvvələrin apardığı işdir. Saqqal uzatmaq İslam dininin vacib atributu deyil. Bu ənənə vahimə elementi kimi diqqət çəkir. Mən bu yaşımda belə saqqallı insan görəndə vahimə keçirirəm. Qloballaşma prosesində milli dəyələrimizi, dilimizi və dinimizi qorumalıyıq. Bunun üçün gənclərin üzərinə böyük məsuliyyət düşür. Gənclərə qarşı təhdidlərin bir yolu da sosial şəbəkələrdir. Bu şəbəkədə gənclərimiz aktiv olmalı, Azərbaycana qarşı təhdidlərin qarşısını almalıyıq”.