Almaniya Federal Parlamenti aksiyada PKK terror təşkilatının bayrağını qaldıran millət vəkilinin toxunulmazlığını ləğv edib.
Publika.az “haberler.com”a istinadən xəbər verir ki, Almaniyanın Münhen şəhərində İŞİD terror təşkilatına qarşı keçirilən aksiyada PKK terror təşkilatının bayrağı qaldırılıb. Bu bayrağı qaldıranlardan biri də Sol Partiyasından millət vəkili Nikol Qohlke olub.
Almaniya Federal Parlamenti də PKK terror təşkilatının bayrağını qaldıran Nikolun toxunulmazlığını ləğv edib. Bununla bağlı Nikol özü açıqlama verib. Deputat “twitter” səhifəsindən toxunulmazlığının ləğv edildiyi üçün Münhen Prokurorluğuna şikayət edəcəyini bildirib.
Xatırladaq ki, oktyabrın 18-də Münhendə İŞİD-ə qarşı keçirilən aksiyaya qoşulan Nikol PKK terror təşkilatının bayrağını qaldıraraq “indi bu bayraq altında azadlıq, insan hüquqları və demokratiya savaşır” deyib.
Qeyd edək ki, Nikol bundan əvvəl də PKK qadağasının ləğv edilməsini istəyib və polis tərəfindən yaxalanıb. PKK Almaniyada qanunla qadağan olunmuş təşkilatlar siyahısındadır.