Kreml Krımdakı seçkilərin qeyri-legitim olması ilə bağlı Ankaranın mövqeyini qəbul etmədiyini açıq şəkildə bildirir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Türkiyə Xarici İşlər Nazirliyi daha əvvəl bildirib ki, Krımda Dövlət Dumasına keçirilən seçkilərin Ankara üçün hüquqi qüvvəsi yoxdur, çünki ölkə yarımadanın Rusiya Federasiyasına birləşdirilməsini tanımır.
“Biz bu cür açıqlamaları qəbul etmirik və bu barədə türk həmkarlarımıza açıq şəkildə danışırıq”, - deyə Peskov jurnalistlərə deyib.
Peskov əlavə edib ki, Kremldə Türkiyənin Krımla bağlı mövqeyindən təəssüflənir və ümid edirlər ki, zaman keçdikcə Ankara onu dəyişəcək və real vəziyyətə hörmətlə yanaşacaq.
“Krım mövzusu mövqelərimizin bir-birindən çox fərqləndiyi bir mövzudur. Biz Türkiyənin bu mövqeyindən təəssüflənirik, amma eyni zamanda ümid edirik ki, zaman keçdikcə siyasi iradə göstəriləcək və Türkiyə bu mövqeyini dəyişəcək. Sadəcə, həqiqətə və işin real vəziyyətinə qiymət verəcək”, - Rusiya Prezidentinin mətbuat katibi bildirib.
Peskov, onun sərhədlərini tanımadığı təqdirdə Türkiyənin Rusiya üçün dost ölkə olub-olmadığına dair jurnalistlərin sualını cavablandırarkən, Türkiyənin Rusiyanın tərəfdaşı olduğunu və fikir ayrılıqlarının mövcudluğunun ikitərəfli əlaqələrin inkişafına və bir sıra regional məsələlərdə qarşılıqlı fəaliyyətə mane olmadığını qeyd edib.