Güclü leysan yağışları Acarıstan Muxtar Respublikası ərazisində ciddi problemlər yaratmaqda davam edir. Muxtar respublikanın Xelvaçuri bələdiyyəsi ərazisindən keçən çaylarda suyun səviyyəsi qalxıb, torpaq sürüşməsi baş verib, bəzi kəndlərlə əlaqə kəsilib.
Teleqraf.com xəbər verir ki, Xelvaçuri bələdiyyəsinin Periya kəndində torpaq sürüşməsi nəticəsində bir neçə ev uçub. Bir evin divarı dağılıb və bir kişi ciddi xəsarət alıb, 37 yaşlı qadının isə ayağı sınıb.
Xelvaçuri şəhərinin meri bildirib ki, şəhərdə yaradılmış qaynar xəttə torpaq sürüşməsi ilə bağlı 80-dən çox müraciət daxil olub. Artıq 8 ailə ekomiqrantdır. Onların evlə təmin olunmaları istiqamətində tədbirlər görülür.
Təbii fəlakətin vurduğu ziyanın miqdarı müəyyən edildikdən sonra insanlara, o cümlədən həmin ailələrə pul kompensasiyası veriləcək.
“Torpaq sürüşmələri avtomagistrallarda daha çox baş verir”, – deyə mer vurğulayıb.
Leysan yağışları Lançxuti rayonuna da ciddi ziyan vurub. Bir neçə kənddə əkin sahələri sel suları altında qalıb. Rayonun Supsa kəndində ildırım düşməsi nəticəsində bir yaşayış evi tam yanaraq külə dönüb.
“Rustavi2” televiziya kanalının məlumatına görə, təbii fəlakət nəticəsində daha bir neçə ev dağılıb.
Qeyd edək ki, Gürcüstanın bölgələrində əlverişsiz hava şəraiti, leysan yağışları davam edir.
Ekoloqlar yağıntıların hələ bir neçə gün davam edəcəyini bildirirlər.
Qara dəniz sahillərində qasırğa ilə bağlı əhaliyə xəbərdarlıq olunub.