“Dünyanın çirklənməsinin müxtəlif səbəbləri var. Sənaye istehsalı artdıqca çirklənmə davam edəcək. Beynəlxalq təşkilatlar müxtəlif konvensiya və qadağalar hazırlayıb böyük dövlətlərə imzalatmağa çalışsalar da, müsbət nəticə yoxdur. Çünki böyük dövlətlərdən birinin və ya bir neçəsinin istənilən beynəlxalq sazişə imza atmaması yetərlidir ki, dünyanın çirklənməsi davam etsin”.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin yayımladığı analitik məqalədə bildirilib.
Məqalədə BMT-nin oktyabrın sonlarında iqlimlə bağlı keçirilmiş sammitinə diqqət çəkilib:
“İngiltərinin “The Guardian” nəşrinin yazdığına görə, dünyanı çirkləndirən əsas ölkələrdən biri Çindir. İqlim üzrə mütəxəssislər Çinin iqlimin sağlamlaşdırılmasıyla bağlı fəaliyyətsiz olduğunu, bunun isə qlobal fəlakətə apardığını iddia edirlər. Söhbət ondan gedir ki, Çin iqtisadiyyatı böyüdükcə və genişləndikcə bu ölkənin atmosferə buraxdığı zəhərli maddələrin miqyası artır. Pekin qlobal istiləşməyə səbəb olan atmosferin çirklənməsinə qarşı tədbirlər görəcəyini vəd etsə də, irəriləyiş yoxdur. Çünki hədəf daha çox gəlir əldə etmək, o cümlədən yenu zavod və fabriklər tikməkdirsə, çirklənmə davam edəcək.
Mütəxəssislərin hesablamalarına görə, atmosferə buraxılan zəhərli maddələrin pik nöqtəsi 2030-cu ildə qeydə alınacaq. Əsas problem kömür şaxtalarıyla bağlıdır. Zavodların, fabriklərin və fərdi evlərin kömürdən istifadə etməsi çirkləmənin miqyasını artırır. Pekin beynəlxal aləmi sakitləşdirməyə çalışır ki, kömürdən istifadəni ildən-ilə azaldacaq, alternativ enerjidən istifadəni 25 faizə çatdıracaq, meşə massivləri salacaq. Bunlar hamısı xoş niyyətlərdir.
Beynəlxalq birlik Çindən qəti addımlar gözləyir. Çin çirkli enerjidən istifadəni davam etdirdikcə durum dəyişməyəcək. Pekinin bir başqa vədinə görə, Çin xarici ölkələrdə kömürlə işləyən elektrik stansiyalarının tikintisini dayandıracaq. Ancaq bu da hələ vəd olaraq qalır. Ümumilikdə atmosferin çirklənməsinin 30 faizi Çinin payına düşür.
İngiltərəli mütəxəssis Bernis Linin açıqlamasına görə, Çinin atmosferin çirkləndirilməsinin azaldılmasıyla bağlı planları reallığa cavab vermir: “Çin dünyanın ən böyük istehsalçısıdır. Buna rəğmən, Çin atmosferin çirklənidirilməsinin azaldılmasıyla bağlı üzərinə çox az məsuliyyət götürür. Çin əlavə tədbirlər görməlidir. Çin birinci növbədə kömürdən istifadəni azaltmalı və alternativ enerji mənbələrinin istismara verilməsi üçün yatırımlarını artırmalıdır. Çin bunu həm ölkə daxilində, həm də xaricində etməlidir. Məsələ burasındadır ki, Çin yatırım qoyduğu ölkələrdə də çirkli enerjidən istifadə edilir. Çin alternativ enerjiyə pul xərcləməklə heç nə itirməyəcək, gəliri azalmayacaq, sadəcə bunu etmək lazımdır”.
Mütəxəssislərin hesablamalarına görə, Çin başda olmaqla atmosferi çirkləndirən digər dövlətlər – ABŞ, Rusiya və Kanada çirkli enerjidən istifadəni azaltmaqla iqlimin sağlamlaşmasını saxlaya bilərlər. Ancaq böyük dövlətlər əvvəlkitək iqlim haqqında az düşünür, neft istehsalında belə atmosferə zəhərli metan maddəsi buraxmaqda davam edirlər”.