Rəsmi Pekin Çinin qarşı çıxmasına baxmayaraq, "Tayvan nümayəndəliyi"nin açılmasına razılıq verdiyi üçün Litvaya sərt etirazını bildirib.
Teleqraf.com xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmisi Cai Licien Litva hökumətinin bu qərarının "Vahid Çin" prinsipinə zidd olduğunu bəyan edib. O, rəsmi Pekinin ölkənin suverenliyinin qorunması üçün bütün lazımi addımlar atacağını deyib.
Cao Licien Litvanın "Tayvan nümayəndəliyi"nin açılmasına razılıq verməsinin Çinlə bu ölkə arasında diplomatik münasibətlərin qurulması haqqında bəyannaməyə zidd olduğunu vurğulayaraq, bu addımın Çinin suverenliyini və ərazi bütövlüyünü pozmaqla yanaşı, onun daxili işlərinə kobud müdaxilə kimi mənfur xarakter daşıdığını deyib.
Tayvanın Çinin ayrılmaz hissəsi olduğunu bildirən XİN rəsmisi Litvanı səhvini düzəltməyə çağırıb.
Qeyd edək ki, İkinci Dünya müharibəsindən sonra Çində Mao Cedonun rəhbərlik etdiyi kommunistlər Çan Kayşinin liderliyindəki Koumintan qüvvələrinə qalib gələrək Çin Xalq Respublikasının (ÇXR) yaradıldığını elan ediblər. “Vahid Çin” prinsipinə əsaslanan ÇXR Tayvandakı Çin Respublikasının mövcudluğunu qəbul etmir və adanın Çin Xalq Respublikasının tərkib hissəsi olduğunu bildirir. Xaricdən Tayvan məsələsinə müdaxilənin qəbuledilməz olduğunu bəyan edən rəsmi Pekin ÇXR ilə diplomatik əlaqələrə malik ölkələrin Tayvanla istənilən formada rəsmi təmasına qəti etiraz edir.