Türkiyə Ukraynaya əvvəllər məlum olduğundan xeyli çox “Bayraktar TB2” pilotsuz uçan aparat satıb və gələcəkdə yeni tədarüklər ola bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.
Türkiyə hökumətindəki mənbələrə istinad edən agentliyin məlumatına görə, söhbət onlarla PUA-dan gedir. Gələcəkdə Ukraynaya ən azı daha 24 pilotsuz təyyarənin çatdırılması planlaşdırılır. Türkiyə hökumətinin və pilotsuz təyyarə istehsalçısı “Baykar”ın rəsmiləri bu məlumatı şərh etməyiblər.
Qeyri-rəsmi məlumata görə, Ukrayna 2018-ci ildə Türkiyədən altı ədəd “Bayraktar” və onlar üçün üç idarəetmə stansiyasının alınması üçün müqavilə imzalayıb. Çatdırılmalar 2019-cu ilin noyabr ayında tamamlanıb. Müqavilənin məbləği 69 milyon dollar olub.
“Bayraktar TB2” Türkiyə istehsalı olan 150 km uçuş məsafəsi, 130 km/saat kruiz sürəti və 50 kq-a qədər hərbi yük daşıyan zərbə dronudur. Avtomatik eniş və qalxma sistemi ilə təchiz edilib. Bu PUA-lar Azərbaycan ordusunun 2020-ci ildə Qarabağdakı döyüş əməliyyatlarında uğur qazanmasında həlledici rollardan birini oynayıb.